2026-05-04

Həsən Həsənov və Binəli Yılıdrıma Ərdahan Universitetinin fəxri doktor diplomları təqdim edilmişdir.

22 aprel 2026-cı il tarixində Bakı Türkoloji Qurultayın 100-cü ildönümü münasibətilə Ərdahan Universitetində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Həsən Həsənova və Türkiyə Respublikasının sonuncu Baş naziri, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Türk dünyası üçün xidmətlərinə görə siyasi elmlər və dövlət idarəçiliyi sahəsində fəxri doktor diplomlarının təqdimetmə mərasimi keçirilmişdir.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və dövlət himnlərinin oxunmasının ardından universitetin İncəsənət fakültəsi tərəfindən musiqi nömrələri ifa edilmişdir. Daha sonra universitetin rektoru Öztürk Emiroğlu açılış çıxışını etmiş, Ərdahan valisi Mehmet Fatih Çiçekli, Ədalət və İnkişaf Partiyasından Ərdahan millət vəkili Kaan Koç, Türkiyənin sabiq nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan çıxış etmişlər.
H.Həsənov və B.Yıldırım çıxışlarında fəxri doktor diplomlarının verilməsinə görə universiteti rəhbərliyinə və senatına təşəkkür bildirərək, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə, gələcək perspektivlərinə, TDT-nin beynəlxalq təşkilat kimi son inkişafına, ölkələr arasında ticarətin artırlması üçün mövcud və gələcək nəqliyyat xətlərinin vacibliyinə və Türk dünyası ilə bağlı məsələlərə toxunmuşlar.
Sonra fəxri doktor diplomlarının verilməsi ilə bağlı universitet senatının qərarları oxunmuş, rektor Ö.Emiroğlu H.Həsənova və B.Yıldırıma fəxri doktor diplomlarını təqdim etmişdir.
Tədbirdən öncə H.Həsənov və B.Yıldırımın adını daşıyan auditoriyaların açılış mərasimləri də keçirilmişdir. Sözügedən auditoriyalar 7 noyabr 2025-ci il tarixində Ərdahan Universitetində açılışı baş tutmuş 44 günlük Vətən müharibəsində şəhid olmuş sözügedən universitetin tələbəsi olmuş Kərimov Mustafa Mayis oğlunun adına Konfrans Zalı ilə eyni binada və eyni sırada yerləşir.

Eyni zamanda, 21 aprel tarixində H.Həsənov Baş Konsulluqda Qarsın yerli KİV nümayəndələri ilə görüş keçirmiş və yerli Serhat TV-nin qonağı olmuşdur.
Həmçinin, Baş Konsulluğun dəstəyi ilə Azərbaycanın TDT-nin sədrliyi çərçivəsində sözügedən təşkilatın ilk Baş katibi Halil Akıncı tərəfindən həmin gün Qars Qafqaz və Ərdahan universitetlərində “TDT: keçmiş və gələcək” mövzusunda panellər həyata keçirilmişdir.

Arxiv üzrə axtarış