Baş konsulun müraciəti
Əziz oxucu,
Sizi Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun rəsmi internet səhifəsində salamlayıram.
Azərbaycan ilə Türkiyəni birləşdirən qardaşlıq və müttəfiqlik münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri və qarşılıqlı etimadı üzərində qurulub. Bu möhkəm əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrimiz arasında humanitar, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi Baş Konsulluğumuzun fəaliyyətinin əsas istiqamətlərindəndir.
Baş Konsulluğumuz Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmləndirilməsinə, Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yerli ictimaiyyətə çatdırılmasına, ölkəmizin tarixi, zəngin mədəniyyəti, iqtisadi potensialı, investisiya imkanları və turizm resurslarının tanıdılmasına xüsusi əhəmiyyət verir.
Baş Konsulluğun fəaliyyət dairəsinə Türkiyənin 28 vilayəti – Qars, Ardahan, Ağrı, Artvin, Adıyaman, Batman, Bayburt, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Erzurum, Erzincan, Giresun, Gümüşhane, Hakkari, İğdır, Malatya, Mardin, Muş, Ordu, Rize, Siirt, Şanlıurfa, Şırnak, Trabzon, Tunceli və Van daxildir. Bu geniş coğrafiyada yaşayan Azərbaycan vətəndaşlarının hüquq və maraqlarının qorunması, onların müraciətlərinə diqqətlə yanaşılması və üzləşdikləri məsələlərin həllinə dəstək göstərilməsi Baş Konsulluğun başlıca vəzifələrindəndir.
Sizi Baş Konsulluğun fəaliyyəti, keçirilən tədbirlər, qarşılıqlı səfərlər və bölgədə həyata keçirilən layihələr barədə məlumatları rəsmi internet səhifəmiz və sosial media hesablarımız vasitəsilə izləməyə dəvət edirəm.
Sizin rəy və təklifləriniz bizim üçün dəyərlidir. Baş Konsulluğumuzun qapıları vətəndaşlarımızın müraciətləri, əməkdaşlıq təşəbbüsləri və qarşılıqlı faydalı ideyalar üçün hər zaman açıqdır.
İnternet səhifəmizi ziyarət etdiyiniz üçün təşəkkür edirik.
Hörmətlə,
Qoşqar Zeynalov
Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu