İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1992-ci ilin yanvar ayında açılmışdır. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulmuş müasir Azərbaycan-Türkiyə münasibətləri öz müstəsnalığı ilə fərqlənir. İki ölkə arasında münasibətlər 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə özünün ən parlaq dövrünə qədəm qoymuş, müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Türkiyə Respublikası ilə ikitərəfli əlaqələrin bütün sahələr üzrə hərtərəfli inkişafı Azərbaycanın xarici siyasət prioritetidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin inkişafında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupu, XİN-lərarası siyasi məsləhətləşmələr və digər platformalar əhəmiyyətli rol oynayır. Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 300-ə yaxın sənəd imzalanmışdır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, qrupun rəhbəri Əhliman Əmiraslanovdur. Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir, qrupun rəhbəri Şamil Ayrımdır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazir Əli Əsədovdur, Türkiyə tərəfindən Vitse-prezident Cevdet Yılmazdır. Komissiyanın indiyədək 11 iclası keçirilmişdir, sonuncu iclas 8 may 2024-cü ildə Ankara şəhərində baş tutmuşdur. 1995-2023-cü il ərzində Türkiyədən Azərbaycana 16 mlrd. ABŞ dolları məbləğində birbaşa investisiya axını olmuşdur ki, onlardan 11,9 mlrd. ABŞ dolları neft qaz sektoruna, 4,1 mlrd. ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılmışdır. Həmin dövr ərzində Azərbaycandan Türkiyəyə 19,9 mlrd. ABŞ dolları məbləğində birbaşa investisiya axını olmuşdur ki, onlardan 17,7 mlrd. ABŞ dolları (SOCAR-ın tərəfdaşlarla birlikdə Türkiyədəki ümumi investisiya həcmidir) neft-qaz sektoruna, 2,2 mlrd. ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılmışdır. 2024-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 5.148.635.69 ABŞ dolları təşkil etmişdir. Türkiyə Respublikası Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət dövriyyəsində ikinci yerdədir. Azərbaycan və Türkiyənin xüsusilə, enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələr ölkələrimizi bir-birinə yaxınlaşdırmaq və əməkdaşlığımızı mahiyyətcə yeni müstəviyə yüksəltməklə yanaşı, regionun hüdudlarını aşaraq onun geosiyasi mənzərəsini dəyişmiş, o cümlədən qlobal enerji təhlükəsizliyini təmin etmiş və qitələrarası yeni nəqliyyat bağlantılarını formalaşdırmışdır. Hazırda Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizi və Şərq-Qərb Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin (Orta dəhliz) inkişaf etdirilməsi istiqamətində iki ölkə və ümumilikdə regionun rifahı və tərəqqisi naminə birgə səy göstərir. Bu xüsusda, tikintisi başa çatmış İğdır-Naxçıvan qaz kəmərinin, eləcə də tikiləcək Qars-Naxçıvan dəmiryolu xəttinin önəmi də xüsusilə vurğulanmalıdır. Türkiyə və Azərbaycan bir sıra regional təşkilatlar, o cümlədən NATO, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, QDİƏT və digərləri daxilində qarşılıqlı dəstək və birgə səylərini davam etdirir. Türk dövlətlərini müxtəlif formatlarda öz ətrafında birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və Türk İnvestisiya Şirkəti çərçivəsində qarşılıqlı dəstək verilir. 6 iyul 2024-cü ildə keçirilmiş TDT-nin qeyri-rəsmi Şuşa Zirvə Görüşündə Qarabağ Bəyannaməsinin qəbul edilməsi həm Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, həm də ümumilikdə Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edir. 14 fevral 2024-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk dünyasını ailəmiz olaraq səciyyələndirmiş və Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsini ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu bildirmişdir. Azərbaycan və Türkiyə üçtərəfli, dördtərəfli, eləcə də 3+3 regional əməkdaşlıq platformalarında da müttəfiqlik münasibətlərinin ruhuna uyğun mövqelər sərgiləyərək, ortaq maraqlardan çıxış edirlər.

 

 

Arxiv üzrə axtarış