2026-03-06

Xocalı soyqırımı ilə bağlı tədbirlər

16 fevral 2026-cı il tarixində İğdır Universitetində Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADEF) tərəfindən anım və maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirin sonunda İğdır məktəbləri arasında “Günün önəmi və anlamı” mövzusunda keçirilmiş şeir və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Müsabiqədə 15-dən artıq şagird fərqlənmiş, I, II və III yerlər üzrə qaliblərə müvafiq mükafatlar təqdim olunmuşdur.
25 fevralda Qars Qafqaz Universitetinin Heydər Əliyev Tədris Mərkəzində Baş Konsulluğun və sözügedən universitetin təşkilatçılığı ilə Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə Qars Bələdiyyəsinin sədri Ötüken Senger, Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, prorektor Selçuk Ural, universitetin professor və müəllimləri, tələbələr, Qarsda fəaliyyət göstərən dərnək nümayəndələri iştirak etmişlər. Tədbir zamanı şəhidlər bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himnləri səsləndirilmiş, Quran ayələri və dualar oxunmuş, Xocalı faciəsi ilə bağlı video-çarx nümayiş etdirilmiş, bələdiyyə sədri, rektor, prorektor, baş konsul, Universitetin müəllimləri və 44 Günlük Vətən Müharibəsinin qazısı olan azərbaycanlı tələbəsi çıxış etmişlər.
26 fevralda İğdır Azərbaycan Evi, İğdır Universiteti və Baş Konsulluğun təşkilatçılığı ilə sözügedən Universitetdə Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə İğdır valisi Mustafa Fırat Taşolar, Universitetin prorektoru Uğur Şimşek, Jandarma və Polis rəisləri, protokolun digər üzvləri, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, tələbələr, İğdır sakinləri, bu bölgədə yaşayan azərbaycanlılar daxil olmaqla 500 nəfərdən çox insan iştirak etmişdir. Tədbirdə şəhidlər bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himnləri səsləndirilmiş, Quran ayələri və dualar oxunmuş, Xocalı faciəsi ilə bağlı video-çarx nümayiş etdirilmiş, İğdır millət vəkili Cantürk Alagözün mesajı oxunmuş, Azərbaycan Evinin rəhbəri, prorektor, baş konsul, gənclər adından universitetin tələbəsi Bahar Sancis çıxış etmiş, şeirlər səsləndirilmişdir. Daha sonra təşkil edilmiş paneldə Qafqaz Universitetinin müəllimləri Yaşar Kop və Elnur Mikayıl, İğdır Universitetinin müəllimi Suna Altan mövzu ilə bağlı danışmışlar. Qeyd olunan tədbirlərdə Xocalı faciəsi ilə bağlı sərgilər təşkil edilmişdir.
Qars və İğdır vilayətlərindəki məscidlərdə soyqırımı qurbanlarının ruhları üçün Quran ayələri oxunmuş və dualar edilmişdir.
Şəhidlərin xatirəsinə Qars Qafqaz Universitetinin Azərbaycanlı tələbələri Qarsda yerləşən Alparslan məscidinin qarşısında, Bayburt Universitetinin Azərbaycanlı tələbələri isə sözügedən universitetdə ehsan vermişlər, Ərzurum Atatürk Universitetinin Azərbaycanlı tələbələri tərəfindən anım tədbiri keçirilmişdir.

Arxiv üzrə axtarış