Bayburtda keçirilən görüşlər və Türkiyə-Azərbaycan münasibətlərinə dair panel
16 fevral 2026-cı il tarixində Bayburt şəhərinə səfər çərçivəsində baş konsul Zamin Əliyev sözügedən vilayətin vali müavini Yunus Coşkun, Bələdiyyə sədrinin müavini Nesimuddin Selçuk və Bayburt Universitetinin rektoru Mutlu Türkmen ilə görüşmüşdür. Mutlu Türkmen ilə görüşdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Naqif Həmzəyev, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı, Xəzər və Kahramanmaraş Sütçü İmam universitetlərinin professorları Telman Nüsrətoğlu və Toğrul İsmayıl da iştirak etmişlər.
Görüşlər zamanı Bayburt ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması, Bayburt Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq, cari ilin may ayında Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Bayburt Bələdiyyəsi sədrinin iştirakı kimi məsələlər müzakirə olunmuşdur.
17 fevral tarixində Bayburt Universiteti və Baş Konsulluq tərəfindən “Türkiyə-Azərbaycan münasibətləri paneli” təşkil edilmiş, rektor və baş konsul açılış nitqləri söyləmiş, Azərbaycan və Türkiyədən olan məruzəçilər mövzu üzrə çıxışlarını etmişlər. Tədbirdə əsasən tələbələr olmaqla 400-ə yaxın adam iştirak etmişdir.





