Naxçıvanda “İkinci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu” keçirilmişdir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Qars Ticarət və Sənaye Palatasının (KATSO), Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının (MR) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə 3 dekabr 2025-ci il tarixində Naxçıvanda “İkinci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu” keçirilmişdir. Qeyd olunmalıdır ki, ilk forum 17 iyun 2025-ci il tarixində Qars şəhərində baş tutmuşdur.
Forumdan əvvəl Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, KOBİA-nın sədri Orxan Məmmədov, Naxçıvan MR-in rəsmiləri, Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ərdahan valisi Hayrettin Çiçek, Qarsın Bələdiyyə sədri Ötüken Senger, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, baş konsul Zamin Əliyev, Qars, Ərzurum, İğdır, Ərdahan və Ağrı vilayətlərinin ticarət və sənaye palatalarının rəhbərləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Qonaqların şərəfinə verilən nahardan sonra Forum öz işinə başlamışdır. Tədbirdə ilk olaraq ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilmişdir.
Forum Naxçıvan MR-də Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsinin, KOBİA-nın sədrinin, Naxçıvan MR-in iqtisadiyyat naziri Kazım Hüseynəliyevin, Qars, İğdır, Ərdahan valilərinin, Qarsın Bələdiyyə sədrinin, Türkiyə və Azərbaycanın baş konsullarının, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) İdarə Heyətinin üzvü, Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim Özakalının, KATSO-nun sədri Kadir Bozanın, AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovun çıxışları ilə davam etmişdir.
Natiqlər çıxışlarında hər iki ölkənin regionları, xüsusilə Türkiyənin İğdır, Qars, Ərdahan, Ərzurum, Ağrı vilayətləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulamış, ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, ortaq layihələrin regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini bildirmişlər.
Rəsmi hissənin sonunda Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi Muxtar Respublikanın investisiya mühiti ilə bağlı təqdimatla çıxış etmişdir. Rəsmi hissədən sonra iş adamları arasında B2B görüşlər keçirilmiş, sahibkarlar Naxçıvandakı müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.
Qars, İğdır, Ərdahan valiləri, Qarsın Bələdiyyə sədri, Qars, Ərzurum, İğdır, Ərdahan və Ağrı vilayətlərinin Ticarət və sənaye palatalarının rəhbərləri Naxçıvan MR-də AR Prezidentinin səlahiyyətli nümayəndəsi C.Cəlilov ilə görüş keçirmişlər.
Türkiyə tərəfindən Forumda İğdır, Qars, Ərdahan, Ərzurum, Ağrı vilayətlərindən rəsmilər və iş adamları daxil olmaqla 200-ə yaxın insan iştirak etmişdir.
Eyni gündə Qars valisi və Bələdiyyə sədrinin rəhbərliyi ilə Qarsdan 100-ə yaxın iş adamı Bakıya getmişlər.
4 dekabrda Qars valisi və Bələdiyyə sədri Bakıda KOBİA-nın sədri Orxan Məmmədov ilə görüşmüşlər, iş adamlarına isə KOBİA tərəfindən ölkəmizin investisiya imkanları ilə bağlı təqdimatlar təqdim edilmişdir.
5 dekabrda Qars heyəti Qarabağa ticarət missiyası həyata keçirmişdir.









