Artvin vilayətinə səfər
23 oktyabr 2025-ci il tarixində Artvin şəhərinə baş tutmuş səfər çərçivəsində sözügedən vilayətin valisi Turan Ergün, Bələdiyyə sədri Bilgehan Erdem, həmçinin Artvin Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Seçkin Kurt və palatanın üzvləri ilə görüşlər keçirilmişdir.
Vali ilə keçirilmiş görüşdə baş konsul Türkiyə-Azərbaycan münasibətləri, Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məlumat vermişdir. O, həmçinin Türkiyənin bu bölgəsi ilə Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası arasında ticarət əlaqələrinin genişləndirilməsinin önəmli olduğunu, bu məqsədlə cari ilin 3 dekabr tarixində Naxçıvanda iqtisadi forumun keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır.
Turan Ergün Artvinin tarixçəsi barədə qısa məlumat vermiş, vilayətin, əsasən, arıçılıq, balıqçılıq, çayçılıq, eyni zamanda mis hasilatı üzrə ixtisaslaşdığını qeyd etmişdir.


Bələdiyyə sədri B.Erdem ilə keçirilmiş görüşdə Artvinin Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşması perspektivləri müzakirə edilmişdir.


Artvin Ticarət və Sənaye Palatasında baş tutmuş görüşdə cari ilin 3 dekabr tarixində Naxçıvanda iqtisadi forumun keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmış, palata üzvləri Naxçıvan və Qarabağla biznes əlaqələri qurmağa təşviq edilmişdir.
Qarşı tərəf palatanın 3 min üzvünün olduğunu, Artvin əhalisinin, əsasən, çayçılıq, fındıqçılıq, arıçılıqla məşğul olduğunu bildirmişdir. İdarə Heyətinin sədri S.Kurt ilk öncə Azərbaycanın iqtisadi-ticari sahədəki qanunvericiliyini öyrənməyin önəmli olduğunu, iş adamlarını maarifləndirmək məqsədilə seminarlar və digər tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
