Qarsda “Bir Millət, İki Dövlət” otağının açılış mərasimi keçirilib
18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə 17 oktyabr 2025-ci il tarixində Qarsda yerləşən xüsusi istedadlı şagirdlərin təhsil aldığı Prof. Dr. Fahrettin Kırzıoğlu adına Elm və İncəsənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin “Bir Millət, İki Dövlət” sözləri ilə adlanan otağın açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Hikmət Babaoğlu, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Qars Təhsil İdarəsinin rəisi Nevzat Kaya, Qars Bələdiyyə sədrinin vəkili Turgay Kızılörenli və baş konsul çıxış etmişlər. Sonra Mərkəzin müəllim və şagirdləri tərəfindən Azərbaycan və dünya klassik musiqiləri səsləndirilmiş, furşet verilmişdir.
Açılış mərasimində Qafqaz Universitetinin müəllim və tələbələri, Mərkəzin müəllim və şagirdləri, dərnək üzvləri və qarslılar iştirak etmişlər.
Qeyd edək ki, hazırda müxtəlif sahələr üzrə 181 şagirdin öz bacarıqlarını inkişaf etdirdiyi Prof. Dr. Fahrettin Kırzıoğlu adına Elm və İncəsənət Mərkəzi Türkiyə Respublikasının Təhsil Nazirliyinin rəsmi qərarı ilə 2012-ci ildə təsis edilmişdir. Türkiyədə sayı 350-dən çox olan sözügedən mərkəzlər (BİLSEM) xüsusi istedadlı şagirdlərin fərdi bacarıqlarını tanımaları və bu bacarıqları maksimum səviyyədə inkişaf etdirərək istifadə etmələri məqsədilə təsis edilmiş təhsil müəssisələridir.



