Azərbaycanın "Konstitusiya və suverenlik ili" ilə əlaqədar Qars və İğdır şəhərlərində görüş və tədbirlər:
“Konstitusiya və suverenlik ili” ilə əlaqədar İğdır və Qars şəhərlərində aşağıdakı tədbir və görüşlər keçirilmişdir.
İğdır şəhərində baş tutan görüş və tədbirlər:
- 22 may 2025-ci ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) tərəfindən İğdırda yerləşən Azərbaycan Evinə və İğdır Universitetinə hədiyyə edilmiş kitabların təqdimatı və sərgi keçirilmişdir. Tədbirlərdə DİDK sədrinin birinci müavini Valeh Hacıyev, İğdır Universitetinin yeni təyin olunmuş rektoru Prof. Dr. Ekrem Gürel, İğdir valisinin müavinləri Abdurrahman Çelebi və Akın Oruç, Polis idarəsinin rəisi Niyazi Turgay, baş konsul, dərnəklərin üzvləri, tələbələr və İğdır sakinləri iştirak etmişlər.
- Komitə sədrinin birinci müavini və baş konsul İğdır valisi Ercan Turan ilə görüşmüşdür.
- İğdır şəhərində yerləşən Millət Parkında İğdır Valiliyi, DİDK, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Baş Konsulluğun təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili”nə həsr olunan açıq hava konserti baş tutmuşdur.
Konsertin əvvəlində İğdır valisi Ercan Turan, DİDK sədrinin birinci müavini Valeh Hacıyev və baş konsul çıxış etmişlər. Daha sonra Azərbaycandan sənətkarlar Əlixan Səmədov və Rəvanə Qurbanovanın ifaları ilə proqram davam etmişdir. Konsertdə dövlət rəsmiləri, İğdır sakinləri, Azərbaycan dərnəklərinin nümayəndələri, İğdırda yaşayan azərbaycanlılar, yerli mətbuat nümayəndələri, Baş Konsulluğun heyəti daxil olmaqla 2000-ə yaxın adam iştirak etmişdir.
- Konsert zamanı açıq havada Azərbaycanın tarixi yerlərini əks etdirən foto sərgi təşkil olunmuş, iştirakçılara Azərbaycan çayı təqdim edilmişdir.
Qars şəhərində keçirilən tədbirlər:
- 23 may 2025-ci ildə DİDK sədrinin birinci müavini Valeh Hacıyev tərəfindən Qars Qafqaz Universitetinin Heydər Əliyev Tədris Mərkəzinə hədiyyə edilmiş kitabların təqdimatı keçirilmişdir.
- Qarsın Mədəniyyət Mərkəzində Qars Bələdiyyəsi, DİDK, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Baş Konsulluğun təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili”nə həsr olunan konsert proqramı baş tutmuşdur. Konsertdə Türkiyə Böyük Millət Məclisinin Qarsdan olan millət vəkili Adem Çalkın, Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger, Polis idarəsinin rəisi Mehmet Ömür Saka, Jandarma komandiri Yusuf Mutlu Genç, rəsmilər, Qars sakinləri, Azərbaycan dərnəklərinin nümayəndələri, Qarsda yaşayan azərbaycanlılar, yerli mətbuat nümayəndələri, Baş Konsulluğun heyəti daxil olmaqla 400-ə yaxın adam iştirak etmişdir. Konsertin sonunda Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger, DİDK sədrinin birinci müavini Valeh Hacıyev və baş konsul çıxış etmişlər. Konsert proqramları Qars və İğdırda böyük rəğbətlə qarşılanmış, Türkiyənin 40-dan çox KİV-ində işıqlandırılmışdır.