Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev anadan olmasının 102-ci ildönümü münasibətilə anılmışdır.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə aşağıdakı tədbirlər keçirilmişdir:
- Ümummilli Lider 9 may 2025-ci ildə Qarsda yerləşən Heydər Əliyev adına parkda anılmışdır. Tədbirdə 60-ya yaxın Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbələri, yerli dərnək nümayəndələri, Kipr Qaziləri Dərnəyinin üzvləri, Baş Konsulluğun heyəti və ailə üzvləri iştirak etmişlər. Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulduqdan sonra baş konsul çıxış edərək, Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələr barədə məlumat vermişdir. Qafqaz Universitetinin professoru İlkin Qulusoy, Qars Azərbaycan Evi dərnəyinin rəhbəri Nebi Arıq, dərnək nümayəndəsi Vedat Akcayöz, Kipr Qaziləri Dərnəyinin rəhbəri Mevlut Kara öz çıxışlarında Ümummilli Liderin həyat və yaradıcılığına toxunaraq Ulu Öndərin Qarsa səfəri zamanı yaşadıqları xoş xatirələrini bölüşmüşlər. Qafqaz Universitetinin azərbaycanlı tələbəsi Əlixan Mövludov da çıxış edərək, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
- 10 mayda İğdır Azərbaycan Evində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
- 12 mayda Türkiyə Respublikası Elm və Təhsil Nazirliyinin Qars idarəsi, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin təhsil müşavirliyi, Qarsda yerləşən Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə sözügedən liseydə anım tədbiri baş tutmuşdur. Tədbirdə liseyin müdir müavini Zafer Demir, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və baş konsul çıxış etmişlər. Daha sonra Heydər Əliyev haqqında film nümayiş etdirilmiş, lisey şagirdləri Ümummlli Lider haqqında şeir söyləmiş, onun sevdiyi musiqiləri ifa etmişlər. Liseyin foyesində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən foto sərgi təşkil olunmuşdur. Tədbirdə Qars valisinin müavini Hayrettin Buğra Güzel (Vali Qarsda yox idi), Bələdiyyə sədri Prof. Dr. Ötüken Senger, Elm və Təhsil Nazirliyinin Qars idarəsinin rəisi Nevzat Kaya, liseyin müdiri Keyhun Tepebaş, müəllim və şagirdləri, Qafqaz Universitetinin müəllim və tələbələri, Qarsda fəaliyyət göstərən iş adamları, dərnək nümayəndələri iştirak etmişlər.