2025-05-01

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ərzurum şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) paytaxtı seçilməsi münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmişdir.

 

     

26 aprel 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ərzurum şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) paytaxtı seçilməsi münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə sözügedən şəhərə səfər etmişdir. Səfər zamanı F.Nağıyev İƏT-in turizm nazirlərinin 6-cı görüşündə iştirak və çıxış etmişdir. Çıxışı zamanı İƏT-in 2026-cı il üzrə turzim paytaxtı seçilmiş Şuşanın turizm potensialını əks etdirən videorolik nümayiş etdirilmişdir. Bununla yanaşı, F.Nağıyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da qatıldığı “Ağıllı dünyada ədalətli gələcək: ağıllı iqtisadiyyatlar və qlobal bərabərsizlik” mövzusunda keçirilən Palandökən İqtisadi Forumu, eləcə də Ərzurum şəhərinin İƏT-in 2025-ci il üzrə turizm paytaxtı seçilməsi münasibətilə təşkil olunan açılış mərasimlərində iştirak etmiş, nümayəndə heyətlərinin başçılarının iştirakı ilə keçirilən ağacəkmə aksiyasına qatılmışdır. Səfər zamanı F.Nağıyev ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy arasında görüş baş tutmuşdur. Görüşdə Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər və qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə ölkələr arasında mövcud uçuş saylarının artırılması, bu xüsusda əməkdaşlıq mexanizmləri müzakirə olunmuşdur.

Arxiv üzrə axtarış