18-20 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qars və İğdıra səfər etmişdir.
18-20 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qars və İğdıra səfər etmişdir. 19 yanvarda Qars şəhərində aşağıdakı tədbir və görüşlər baş tutmuşdur:İlk olaraq Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Qars şəhərində yerləşən parkı ziyarət olunaraq büstü önünə gül dəstələri qoyulmuşdur. Qars Qafqaz Universitetində fəaliyyət göstərən Heydər Əliyev Tədris Mərkəzində universitetin azərbaycanlı müəllim və tələbələri, Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilmişdir. Görüş zamanı Fuad Muradov, universitetin rektoru Hüsnü Kapu və baş konsul Zamin Əliyev çıxış etmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır. Qars valisi Ziya Polat ilə görüş baş tutmuşdur. Görüş zamanı Qars ilə Azərbaycanın şəhərləri arasında əməkdaşlıq, Qars şəhərində Azərbaycan evinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qarsın Bələdiyyə sədri Ötüken Sengerlə görüş keçirilmişdir. Görüş zamanı Qars ilə Azərbaycanın qardaş şəhərləri arasında qarşılıqlı səfərlərin təşkili, qarşılıqlı qardaş şəhər günlərinin keçirilməsi, Qars şəhərinin Azərbaycanın Qarabağ bölgəsindəki bir şəhərlə qardaşlaşması məsələləri müzakirə olunmuşdur.Baş Konsulluğun binasında Qarsda fəaliyyət göstərən dərnəklərin nümayəndələri ilə görüş olmuşdur.
20 yanvarda İğdır şəhərində aşağıdakı tədbir və görüşlər keçirilmişdir:
İğdır valisi Ercan Turan ilə görüş baş tutmuşdur. Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-nin Ədalət və İnkişaf Partiyasından İğdır millətvəkili Cantürk Alagöz, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və baş konsulun iştirak etdiyi görüşdə İğdır ilə Azərbaycanın şəhərləri arasında əməkdaşlıq, sərhədyanı bölgələrin iqtisadi potensialı, Azərbaycandan olan iş adamlarının bu bölgələrə, eləcə də Türkiyədən olan iş adamlarının Naxçıvan, Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Tədbirdən sonra görüşdə iştirak edən bütün şəxslər Qars-Naxçıvan dəmiryolunun inşası üçün yaradılan İğdır tikinti sahəsini ziyarət etmiş, layihə ilə bağlı təqdimatla tanış olmuşlar. Baş Konsulluğun dəstəyi və İğdırda yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.