Azərbaycan Respublikasının Qarsdakı baş konsulu vəzifəsinə yeni təyin olunan Zamin Əliyev Türkiyə Xarici İşlər Nazirliyində bir sıra rəsmi görüşlər keçirmişdir.
19 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və Qarsdakı baş konsulu Zamin Əliyev sözügedən ölkənin Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirmişlər.
Konsulluq xidmətləri və xaricdə yaşayan vətəndaşlar idarəsinin rəisi Ali Murat Başçeri ilə görüşdə səfir Rəşad Məmmədov yeni təyin olunan baş konsulu təqdim etmişdir. Qarsın Türkiyə üçün önəmini vurğulayan A.Başçeri bu regionda həyata keçirilən layihələr, xüsusilə Qars-Naxçıvan dəmiryolu və İğdır-Naxçıvan qaz kəməri layihələri, eləcə də Türkiyə-Azərbaycan quru sərhəd bölgəsinin təhlükəsizliyinin vacibliyi ilə bağlı fikirlərini bölüşmüşdür.
Öz növbəsində, baş konsul İğdırda yaşayan azərbaycanlı kontingentin vəziyyəti barədə məlumat vermiş və bu xüsusda onların sənədləşmə işləri ilə bağlı Türkiyə tərəfininin dəstəyinə ümid etdiyimizi söyləmişdir. İğdır-Naxçıvan qaz kəmərinin Türkiyə hissəsinin yekunlaşdığını və qazın artıq Dilucu stansiyasına ötürüldüyünü qeyd etmiş və Azərbaycan hissəsində sazlama işləri yekunlaşdıqdan sonra qazın paralel olaraq 2025-ci ilin yanvar ayında nəql edilməsinin planlaşdırıldığını bildirmişdir.
Protokol idarəsinin rəisi Ahmet Cemil Miroğluna konsul patentini təqdim edən baş konsul, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq xidmət edəcəyini qeyd etmiş, Baş Konsulluğun fəaliyyət dairəsi barədə məlumat vermişdir. Qars və İğdırda ikitərəfli və üçtərəfli rəsmi görüşlərin keçirilməsinin önəmi vurğulanmış, Naxçıvan, Qarabağ, Şərqi Zəngəzur, Qars, İğdır və Türkiyənin yaxın bölgələrinin iş damları arasında biznes forumların keçirilməsi təklif edilmişdir. Eyni zamanda, hər iki ölkənin Xarici İşlər Nazirliklərinin protokol idarələri arasında təcrübə mübadiləsi məqsədilə qarşılqılı səfərlərin önəmi də vurğulanmışdır.
A.Miroğlu protokol idarələri arasında təcrübə mübadiləsi məqsədilə Bakıya səfər, eləcə də Azərbaycan Respublikası XİN-in protokol idarəsinin nümayəndə heyətinə Ankarada evsahibliyi etməyə hazır olduqlarını bildirmiş, Baş Konsulluğa istənilən dəstəyi verəcəklərini söyləmişdir.
Miqrasiya siyasəti və viza məsələləri idarəsinin rəisi Fatma Ceren Yazgatla görüş zamanı ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
20 dekabrda Şərqi Avropa və Qafqaz idarəsinin rəisi Mehmet Samsar ilə görüş zamanı idarə rəisi iki ölkənin aidiyyəti qurumlarından ibarət heyətlər arasında Qarsda görüşün keçirilməsini, xüsusilə ticarət sahəsində atıla biləcək addımların müzakirə olunmasını təklif etmişdir. Bununla bağlı müvafiq sənədin təqdim ediləcəyini bildirmişdir.
Baş konsul nəqliyyat qovşağında yerləşən Qars şəhərində mütəmadi olaraq Qars Nəqliyyat və Logistika Formunun keçirilməsi təklif ilə çıxış etmişdir. Bununla yanaşı, Qars və İğdırda ikitərəfli və üçtərəfli, eləcə də Türk Dövlətləri Təşkilatının görüşlərinin keçirilməsinin önəmi vurğulanmışdır.
Bundan əlavə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım Azərbaycan Respublikasının yeni təyin olunmuş Qars Baş Konsulu Zamin Əliyevlə Səfirlikdə görüşüb. Millət vəkili Şamil Ayrım Zamin Əliyevi təbrik edərək, bu yeni təyinatın iki ölkə arasındakı əlaqələrin güclənməsinə töhfə verəcəyinə inandığını bildirmişdir.