Qars şəhərində Ümummilli Liderin anım günü qeyd olunub
12 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən sözügedən şəhərdə yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə 60-a yaxın Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbələri, yerli dərnək nümayəndələri və Qarsda yaşayan azərbaycanlılar iştirak etmişlər. Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyulduqdan sonra baş konsul Zamin Əliyev çıxış edərək, Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələr barədə məlumat vermişdir. Qafqaz Universitetinin professorları Hacəli Nəcəfoğlu və Xurşid İsayev, Azərbaycan əsilli iş adamları Çetin Adıgüzel və Göksal Kaygısız öz çıxışlarında Ümummilli Liderin həyat və yaradıcılığına toxunaraq, Ulu Öndərin Qarsa səfəri zamanı yaşadıqları xoş xatirələrini bölüşmüşlər. Qars Universitetinin azərbaycanlı tələbəsi Nurlan Xəlilov da çıxış edərək, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır.