2020-03-04

Xocalı şəhidlərinin xatirəsi Şanlıurfada da anılıb

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə Türkiyənin Şanlıurfa vilayətində anım tədbiri təşkil edilmişdir.

25 fevral 2020-ci il tarixdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində, Türkiyə Respublikasının Şanlıurfa vilayətində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu ilə Harran Universitetinin birgə təşkilatçılığı ilə reallaşan mərasimdə diplomatlar və tədbirə ev sahibliyi edən təhsil ocağının kollektivi, o cümlədən burda təhsil alan tələbələrimiz iştirak etmişlər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhlarına dualar oxunmuşdur.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunmuşdur.

Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun konsulu Behbud Qadalı 28 il əvvəl erməni vandallar tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən danışmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işləri yüksək dəyərləndirən konsul diqqətə çatdırmışdır ki, son on ildə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülən işlər sistemli xarakter alıb.

Şanlıurfa vilayətinin valisinin müavini Abdullah Erin Xocalıda baş verənləri insanlıq əleyhinə cinayət adlandıraraq bu soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının vacibliyini qeyd etmişdir.

Ermənilərin Osmanlı dövlətinə qarşı tarix boyu xəyanət etdiklərini diqqətə çatdıran Harran Universitetinin rektoru, professor Mehmet Sabri Çelik vurğulamışdır ki, hazırda dünya erməniləri müasir Türkiyəyə qarşı əsassız düşmənçilik edirlər.

Xocalı soyqırımı ilə bağlı fikir və mülahizələrini bölüşən universitetin tarix kafedrasının dosenti Gülşah Eser, tələbələrdən Xanəli Həsənov, Asim İsrafilov və Aydın Feyzulla bildirmişlər ki, ermənilərin xalqlarımıza və ölkələrimizə qarşı xəyanətləri və cinayətləri unudula bilməz. Xocalı soyqırımının bütün təfərrüatları gələcək nəsillərə çatdırılmalıdır ki, həyatımızda bir daha belə faciələr təkrarlanmasın.

Sonda Diyarbəkir Dicle Universitetinin hüquq fakültəsinin tələbəsi Novruz Əhmədov qum sənəti ilə Xocalı soyqırımının dəhşətlərinə dair rəsm-kompozisiya təqdim etmişdir.

Arxiv üzrə axtarış