2020-03-03

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə Türkiyənin İğdır vilayətində anım tədbiri təşkil edilib.

21 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyi, İğdır-Azərbaycan evi dərnəyi və Türkiyə Azərbaycan dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə Türkiyə Respublikasının İğdır vilayətində “Xocalıya Ədalət!” devizi altında anım mərasimi təşkil olunmuşdur.

İğdır vilayətində fəaliyyət göstərən mədəniyyət sarayında təşkil olunan tədbirdə İğdır vilayətinin rəsmi şəxsləri, İğdır universitetlərinin professor və müəllim heyəti, Ağrı və Qars Universitetindən dəvət olunmuş professorlar, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri, İğdır şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilmiş və Xocalı faciəsi barədə qısa film nümayiş olunmuşdur.

Mərasimdə, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı geniş mövzuda çıxış etmişdir. Tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulamış, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu qeyd etmiş, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırmışdır. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməli olduğunu vurğulamışdır.

Tədbirdə, həmçinin dəvət olunmuş türkiyəli və azərbaycanlı professorların çıxışlarında Xocalı faciəsindən söhbət açılmış və faciənin törətdiyi fəsadlardan bəhs olunmuşdur. Alimlər Xocalı soyqırımının təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə törədildiyini, bu cinayətin ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdiklərini məqsədyönlü cinayətlərin davamı və ən amansızı olduğunu əsaslandırmışlar.

Daha sonra, türkiyəli məktəblilərdə milli-vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artması ilə əlaqədar Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil edilmiş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsinin qaliblərinə müxtəlif növ hədiyyələr verilmişdir.

Sonda tədbir iştirakçıları Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.

Arxiv üzrə axtarış