2019-12-18

Ulu Öndərimizin əziz xatirəsi Ərzurumda ehtiramla yad olunub.

Türkiyənin Ərzurum vilayətində fəaliyyət göstərən Atatürk Universitetində ümummilli lider Heydər Əliyevin vəfatının 16-ci ildönümünə həsr edilən anma mərasimi keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğu, AU-nin müasir türk ləhcələri ədəbiyyatı kafedrası, Ərzurum Otaq Dərnəyi, Azərbaycanlı Tələbələr Birliyi və Türk Dünyası Kulubunun birgə təşkil etdikləri mərasimdə rəsmi şəxslər və bu ali təhsil ocağının kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Ulu Öndərin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Mərasim ulu öndər Heydər Əliyev şəxsiyyətini tərənnüm edən şeirlərin oxunuşu ilə davam edib. Tədbirin panel hissəsində isə professorlar Sedat Adıgözəl və Kərəm Karabulut, o cümlədən dosent Savaş Əyilməzin çıxışları dinlənilib. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən bəhs edən alimlər dünya şöhrətli siyasi və dövlət xadiminin qurub yaratdığı işlərin mahiyyətini tarixi faktlar və məntiqi mülahizələrlə iştirakçılara çatdırıblar. Qeyd olunub ki, Ulu Öndər strateji hədəflər sayəsində Azərbaycan və Türkiyənin dövlətçilik tarixində silinməz izlər buraxıb.

Daha sonra tədbir iştirakçılarına “qum sənəti” tamaşası təqdim olunub.

Tədbirin sonunda çıxış edən baş konsul Nuru Quliyev Ümummilli Liderimizin xilaskarlıq missiyasından, dahi şəxsiyyətin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin böyük nəticələrindən bəhs edib. Baş konsul diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev məram və məqsədlərini həyata keçirmək üçün həmişə xalqın dəstəyinə inanıb.

Arxiv üzrə axtarış