2019-11-29

"Dünya dini liderlərinin II Bakı sammiti"nin yekununda qəbul edilmiş Bakı Bəyannaməsi

Bakı Bəyannaməsi

 

14-15 noyabr 2019-cu il tarixlərində dini liderlərin, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin, ictimaiyyət, elm və din xadimlərinin iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmiş “Dünya dini liderlərinin II Bakı Sammiti”nin iştirakçıları:

 

Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli- mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayaraq;

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarını, habelə II Bakı Sammitində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;

 

Azərbaycan Dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illləri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyətini, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə, “Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini qeyd edərək;

“Dünya dini liderlərinin II Bakı Sammiti”nin yüksək səviyyədə təşkili, habelə, müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitiə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıqlarını bildirərək;

Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfələrini, bölgədə və beynəlxalq miqyasda sülhün və əmin-amanlığın qorunmasında, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolunu qeyd edərək;

Zati-Müqəddəsləri Roma Papası Fransiskin 2 noyabr 2016-cı il tarixində Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa verilən dəyəri yüksək qimətləndirildiyini, habelə Papa Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” Birgə Sənədini alqışlayaraq;

Zati-Müqəddəsləri bütün Gürcüstan Katalikos-Patriarxı II İliyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə və əmin-amanlığa nail olunmasında və dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətlərini vurğulayaraq;

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələri qeyd edərək;

dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bidirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyətini vurğulayaraq;

dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAICIID və Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü alqışlayaraq;    

dünya dini liderlərinin sülh, əmin-amanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla  əməkdaşlığının vacibliyini qeyd edərək; 

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki Ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş Ümumdünya Konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannaməni alqışlayaraq;

qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək;

dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə edərək;

silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zoraklıqların insan tələfatı ilə yanaşı mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən, və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək;

özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdiklərini, humanizmin təşviq edilməsinə,   sülhün və ədalətin təmin olunmasına xidmət etdiklərini xüsusi vurğulayaraq;

dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurəti bildirərək;

dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri

-         sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etməyə;

-         terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrıseçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə;

-         din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə;

-         terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına;

-         dini dəyərləri rəhbər tutmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına;

-         media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çagırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə  maarifləndirilməsini təşviq etməyə;

-         Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə;

-         silahlı münaqişə, təqib və zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərini həll etməyə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran faktorların aradan qaldırılmasına səy göstərməyə;

-         bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə;

-         Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə;

-         YUNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin  qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına;

-         İnsan Hüquqları Ümumi Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüququları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar.

 

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Arxiv üzrə axtarış