2019-05-14

Türkiyənin Qars şəhərində böyük öndər Heydər Əliyevin doğum günü qeyd olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda geniş mərasim təşkil olunub.

Mərasimdə Qars vilayətinin valisi Türkər Öksüz, Türkiyə Silahlı Qüvvələrinin Qarsdakı ordu birləşməsini komandanı, general-mayor Özgür Nuhut, daxili İşlər Nazirliyinin Qars idarəsinin rəisi Ümit Bitirik, Ədalət və İnkişaf Partiyasının Qars bölməsinin sədri Adəm Çalkın, Qarsdakı sərhəd qoşunları komandanı, polkovnik Osman Kılıç və digər rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin görkəmli simaları, bu bölgədə yaşayan və işləyən azərbaycanlılar iştirak ediblər.

İştirakçılar şəhərin mərkəzindəki Heydər Əliyev Parkında ucalan ümummilli liderin heykəlinin önünə gül dəstələri düzüblər. 

Sonra Baş Konsulluğun inzibati binasında ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra xalqımızın xilaskar oğlunun zəngin mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rəsmi hissədə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev və vali Türkər Öksüz çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin təxminən yarım əsri əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, dünya şöhrətli siyasi və dövlət xadiminin əsas amanlı qurub yaratmaq, insanların güzəranını yüksəltmək, ölkəni inkişaf etdirməklə dövləti qüdrətləndirmək olub. Ümummilli lider siyasi hakimiyyətinin ikinci dövründə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Azərbaycan və Türkiyənin liderliyi ilə regionda həyata keçirilən beynəlxalq layihələrin tarixi əhəmiyyətindən bəhs edən çıxışçılar vurğulayıblar ki, bütün bu işlər bütövlükdə Avrasiya məkanı üçün strateji xarakter daşıyır. Bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyənin şərq və cənub-şərq bölgəsinin inkişafına birbaşa təsir göstərən uğur kimi dəyərləndirilib. 

Qeyd olunub ki, ulu öndər hələ Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı üçün əsaslı zəmin yaradıb. Hazırda Türkiyənin şərq vilayətləri ilə Azərbaycanın Naxçıvan bölgəsi arasındakı günbəgün inkişaf edən əlaqələr bu siyasətin bəhrəsidir.

Azərbaycanın Türkiyənin Qarsdakı Baş Konsulluğunun konsulu Tural Həsənov Azərbaycanda diplomatik xidmət orqanların yaranması, keçdiyi inkişaf yolu və müasir dinamikası barədə geniş məlumat verib. 

Əminliklə bildirilib ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları Heydər Əliyev şəxsiyyətini hər zaman ehtiramla yad edəcəklər. Çünki bu tarixi mirasın qorunmasında və inkişafında ulu öndər Heydər Əliyevin tarixi missiyası var. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri əbədi və sönməzdir.

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və  Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi şərəfinə Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğun həyətində xatirə ağacları əkilmişdir.

 

Arxiv üzrə axtarış