2019-05-02

Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evi istifadəyə verilib

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və muxtar respublikadan olan sahibkarlar Türkiyənin İğdır şəhərində səfərdə olub, Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin açılışında iştirak ediblər.

Əvvəlcə nümayəndə heyəti İğdır şəhərinin mərkəzində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və Heydər Əliyev parkında ümummilli liderimiz Heydər Əliyevin abidələrini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov İğdır Vilayətinin valisi Ənvər Ünlü ilə görüşüb, Valilik Şərəf Dəftərini imzalayıb. Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun salamlarını çatdırıb, göstərdiyi qonaqpərvərliyə görə valiyə təşəkkürünü bildirib.

Vali Ənvər Ünlü nümayəndə heyətini İğdır şəhərində görməkdən məmnunluğunu ifadə edib, onun da salamlarını Ali Məclis Sədrinə çatdırmağı xahiş edib.

Sonra Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin açılışı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov çıxış edərək, iş adamları arasındakı qarşılıqlı əlaqələrdən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında, gömrük, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Hazırda Naxçıvandan İstanbul, Ankara, Bursa, Antalya, İzmir və İğdır şəhərlərinə avtobus marşrutları işləyir, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysi həyata keçirilir. Naxçıvan-Qars avtobus marşrutunun açılması, Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması, eləcə də Sədərək Gömrük Keçid Məntəqəsi üçün yeni kompleksin tikintisi əlaqələrimizin daha da genişləndirilməsinə hesablanıb. Hazırda Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında isə 400-ə yaxın Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

Qeyd olunub ki, 2017-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi də ikitərəfli münasibətlərin uğurlu nəticəsidir. Özəl sektorun inkişafının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Qardaş Türkiyə ilə əlaqələrin inkişafı isə bizim üçün daha önəmlidir. Bu gün Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin istifadəyə verilməsi əlaqələrimizin inkişafına daha bir töhfə olacaq, muxtar respublika sahibkarları tərəfindən istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda, iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına da şərait yaradacaqdır. Türkiyə və Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soy-kök, milli və ortaq dəyərlər birləşdirir. Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin fəaliyyətə başlaması iqtisadi səmərə ilə yanaşı, həm də dostluq və qardaşlıq əlaqələrimizin nəticəsidir.

Azər Zeynalov Ticarət Evinin yaradılmasında göstərdiyi hərtərəfli dəstəyə görə İğdır Vilayətinin valisinə hörmət və ehtiramını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib.

İğdır vilayətinin valisi Ənvər Ünlü çıxış edərək deyib ki, son illər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İğdır vilayəti arasında səmərəli iqtisadi əlaqələr qurulub. Bu gün istifadəyə verilən Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evi də mövcud əlaqələrin daha bir nümunəsidir. Ticarət Evinin qarşılıqlı iqtisadi inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə edən Ənvər Ünlü bu təşəbbüsə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Sonra açılışını bildirən lent kəsilib.                

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan Ticarət Evi məhsulların nümayişi bölməsi və iş otaqlarından ibarətdir. Burada muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən istehsal olunan məhsullar nümayiş etdirilir. Həmçinin Ticarət Evində sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi və ticarət sövdələşmələrinin aparılması üçün də şərait yaradılıb.

Həmin gün İğdır Ticarət və Sənaye Odasında muxtar respublika sahibkarları ilə iğdırlı sahibkarlar arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əlaqələrin qurulması və investisiya qoyuluşu məsələləri müzakirə olunub.

Arxiv üzrə axtarış