2019-03-03

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən “Xocalıya Ədalət” devizi altında Ardahan Universitetində Anım tədbiri təşkil edilib.

27 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyə Respublikasının Ardahan Universitetinin birgə təşkilatçılılğı ilə “Xocalıya Ədalət!” devizi altında daha bir anım mərasimi təşkil olunmuşdur.

Ardahan Universitetində təşkil olunan tədbirdə Ardahan vilayətinin rəsmi şəxsləri, universitetin prorektoru, professor və müəllim heyəti, Gaziantep Universitetindən dəvət olunmuş professorlar, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri, Ardahan şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilmiş və Xocalı faciəsi barədə qısa film nümayiş olunmuşdur.

Mərasimdə, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulamış, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu qeyd etmiş, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırmışdır. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməli olduğunu vurğulamışdır.

Tədbirdə, həmçinin dəvət olunmuş professorların və azərbaycanlı tələbələrin çıxışlarında Xocalı faciəsindən söhbət açılmış və faciənin törətdiyi fəsadlardan bəhs olunmuşdur. Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsinin gələcəkdə bu kimi halların qarşısını almaq üçün əsas olduğu tədbir iştirakçıları tərəfindən qeyd olunmuşdur.

Daha sonra tədbir dəvət olunan tələbələrin ifasında bədii şeir proqramı ilə davam etdirilmişdir.

Arxiv üzrə axtarış