Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanın Qarsdakı Baş konsulluğunda görüş keçirilmişdir
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına texniki peşə liseyinin müəllim kollektivi, o cümlədən bu şəhərdəki Qafqaz Univesitetində çalışan azərbaycanlı ziyalılar və TR-nin Ərzurum Vilayətində fəaliyyət göstərən Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr ilə silsilə görüşlər keçirmişdir.
Görüşlərdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edən Baş konsul Nuru Quliyev onlara firavan həyat, şərəfli peşələrində uğurlar, bununla yanaşı bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. Diplomat qeyd edib ki, Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Bu səbəbdən, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini, bunun əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Bildirib ki, Azərbaycan xalqı Həmrəylik Gününü böyük sevgi ilə yaşadır.
Görüşlərdə çıxış edən həmvətənlərimiz harada yaşayıb işləmələrindən asılı olmayaraq Azərbaycana bağlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, hər bir soydaşımız yaşayıb işlədiyi ölkədə, o cümlədən qardaş Türkiyədə ata ocağımız Azərbaycana aid bütün məsələlərdə fəal olmağa mənən borcludur.
Sonda iştirakçılar üçün milli mətbəximizin ləziz təamlarından ibarət süfrələr təşkil olunub.