Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 100 il keçir. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik və dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin və digər ibadət yerlərinin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil etmişdir.
Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart–iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Məlum olduğu kimi, çar Rusiyasının süqutundan sonra 1918-ci ilin mayında Cənubi Qafqaz ərazisində üç müstəqil dövlətin – Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaradılması elan edilmişdi. Yaradıldığı ilk gündən Ermənistan (Ararat) Respublikası qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürməyə başladı. Ermənistan hökumətinin göstərişi ilə hərəkət edən silahlı quldur dəstələri azərbaycanlıların yaşadıqları ərazilərdə dinc əhaliyə qarşı dəhşətli soyqırımı aktları törədir, yerli əhalini yaşadıqları yerlərdən zorla qovub çıxarırdılar.
Azərbaycan hökuməti Ermənistanın əsassız iddiaları ilə bağlı mübahisəli məsələləri danışıqlar yolu ilə nizama salmağı təklif edirdi. Ermənilərin siyasi mərkəzi kimi nəzərdə tutulan Gümrü şəhəri hələ onların nəzarətindən kənarda olduğuna görə Ermənistan hökuməti İrəvanın paytaxt kimi istifadə edilmək üçün ona verilməsi xahişi ilə Azərbaycan Milli Şurasına müraciət etmişdi. Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında İrəvan şəhərinin və onun ətrafındakı ərazilərin Ermənistan Respublikasına verilməsi məsələsinə baxaraq bu barədə qərar qəbul etmişdi.
Həmin qərarı qəbul edərkən Milli Şuranın üzvləri Ermənistan Respublikasının digər Azərbaycan torpaqları barədə iddialardan əl çəkəcəyi, Ermənistan hökumətindən dəstək alan quldur dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlara son qoyulacağı, yerli azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin ediləcəyi və doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların əvvəlki yaşayış yerlərinə qayıtmasına şərait yaradılacağı barədə Ermənistan hökumətinin öz üzərinə öhdəlik götürdüyünə əsaslanmışdılar.
Təəssüf ki, Azərbaycan tərəfinin bu xoşməramlı addımı da Ermənistan Respublikasının rəvac verdiyi dövlət terrorizmi və soyqırımı aktlarının qarşısını ala bilmədi. Əzəli Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti erməni əhalinin xeyrinə dəyişdirmək üçün törədilən kütləvi qırğınlar və talanlar daha da genişləndirildi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1918-ci ilin yay və payızında Zəngəzur qəzasında 115 kənd məhv edildi, 10 minə qədər azərbaycanlı öldürüldü, 50 min nəfər yurd-yuvasından didərgin salındı. Məlum faktdır ki, erməni cəza dəstələrinin vəhşilikləri nəticəsində ovaxtkı İrəvan quberniyası ərazisində yaşayan azərbaycanlı əhalinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmi 70 min nəfərə enmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin iyul ayında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Sovetlər Birliyinin mövcudluğu dövründə erməni şovinistlərinin Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini ört-basdır etmək və unutdurmaq, tarixi reallıqları saxtalaşdırmaq üçün planlı tədbirlər həyata keçirilmişdir. Yalnız SSRİ-nin dağılmasından və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərin üzə çıxması üçün əlverişli şərait yaranmışdır.
Bu istiqamətdə ilk qanunvericilik təşəbbüsü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Onun dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizin bu qaranlıq səhifələrinə işıq salan ilk rəsmi sənəd olmuşdur. Bu mühüm sənəddə Azərbaycanın XIX əsrdə zorakılıqla parçalanmasından sonra azərbaycanlılara qarşı bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların – soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, erməni şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlər tərəfindən Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas və real yolunu tarixboyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir. Fərmana əsasən, 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Məlum olduğu kimi, XVIII əsrin birinci yarısınadək Səfəvi və Əfşarlar dövlətlərinin mühüm tərkib hissəsi olan Azərbaycan həmin əsrin ortalarından xırda dövlətlərə – xanlıqlara parçalanmışdı. Bu xanlıqlar siyasi, iqtisadi və hərbi baxımdan son dərəcə zəif olduqlarına görə Cənubi Qafqazı ilhaq etməyə çalışan çar Rusiyasının öz işğalçılıq siyasətini həyata keçirməsi üçün əlverişli hədəf halına gəlmişdilər.
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında uzun sürən müharibələr nəticəsində Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqları mərhələ-mərhələ Rusiya imperiyasının tərkibinə qatılmışdır. Rusiya ilə İran arasında 1806–1813-cü illərin müharibəsinə yekun vuran Gülüstan sülh müqaviləsinə əsasən, Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Lənkəran xanlıqları və digər ərazilər Rusiyaya ilhaq olunmuşdur.
Həmin müqavilənin şərtlərinə görə, çar Rusiyası Azərbaycanda möhkəmlənsə də, regiona tam nəzarət edə bilmirdi. Şimali Azərbaycanın bütünlüklə işğal edilməsi zərurəti İrəvan və Naxçıvan xanlıqlarının da zəbt olunmasını tələb edirdi. 1826–1828-ci illərin Rusiya–İran müharibəsindən sonra bağlanmış Türkmənçay müqaviləsinə əsasən, İrəvan və Naxçıvan xanlıqları da bütünlüklə Rusiya imperiyasının ərazisinə qatılmışdır.
Təsadüfi deyildir ki, müqavilənin imzalanmasından cəmi bir ay sonra Rusiya çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının yerində yeni inzibati ərazi vahidi yaradılması və onun “Erməni vilayəti” adlandırılması haqqında fərman imzalamışdır. Qeyd edilməlidir ki, İrəvan xanlığı Ağrı düzənliyi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi və onun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
1840-cı ildə çar Rusiyasında aparılmış yeni ərazi islahatları nəticəsində “Erməni vilayəti” ləğv edilmiş, onun əvəzinə İrəvan qəzası yaradılmışdır. Doqquz il sonra İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilmiş və bu inzibati ərazi bölgüsü 1917-ci ilə qədər dəyişməz qalmışdır.
Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən birini bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsi təşkil edirdi. İşğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirmək üçün çar Rusiyası İrandan və Osmanlı imperiyasından xristian ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair irimiqyaslı və uzunmüddətli planın həyata keçirilməsinə başlamışdı. Türkmənçay müqaviləsinə İranda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi barədə ayrıca bir maddənin daxil edilməsi çar hökumətinin bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyinə dəlalət edir. Təkcə 1829–1831-ci illərdə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İrandan 40 minə yaxın erməni köçürülmüşdür.
1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməni gətirilib Azərbaycan torpaqlarında yerləşdirilmişdir.
Ümumən XX əsrin əvvəllərinədək İrandan və Türkiyədən Şimali Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdür. Ermənilərin Azərbaycanda məskunlaşdırıldığı yerlərdə erməni kilsələrinin fəaliyyətinə əlverişli şərait yaradılırdı. 1836-cı ildə çar hökuməti Azərbaycan-alban kilsəsini, o cümlədən Qarabağdakı alban xristian kilsəsini erməni qriqorian kilsəsinə tabe etdi. Bundan sonra Eçmiədzin erməni kilsəsi albanların etnik-mədəni irsini, alban ədəbiyyatını və tarixini öz adına çıxaraq mənimsədi. Belə ki, alban ədəbiyyatına və tarixinə aid əsərlər köklü dəyişikliklər edilməklə, erməni dilinə tərcümə olundu, onların alban dilində yazılmış əsl nüsxələri məhv edildi. Həmin əsərlər arasında Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən “Albanların tarixi” əsəri də vardı.
Ermənilərin kütləvi surətdə köçürülməsi, yerli sakinlərlə müqayisədə onlara xüsusi hüquq və imtiyazların verilməsi azərbaycanlıların hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdır. “Daşnaksütyun” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətlənmişdir.
XIX əsrin sonlarından çar Rusiyasının himayəsindən istifadə edən davakar erməni millətçiləri ermənilərin məskunlaşdıqları ərazilərdə “böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Şərqi Anadoluda və Azərbaycanda ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri sıxışdırıb çıxarmaq üçün erməni millətçiləri etnik təmizləməni bir vasitə olaraq seçmişdilər.
Birinci rus inqilabının başlandığı 1905-ci ildə erməni mütəşəkkil silahlı dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik və dini zəmində kütləvi qırğınlar törətmişlər. 1905–1906-cı illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara kütləvi divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, ümumən İrəvan və Gəncə quberniyalarında 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş, bununla da Azərbaycanda tarixi artıq bir əsri ötmüş həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.
Erməni şovinistlərinin Azərbaycan xalqına qarşı düşmənçilik hərəkətləri çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dəfə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıq və amansızlıqla həyata keçirilmişdir. Həmin dövrdə azərbaycanlılardan təmizlənən ərazilər Ermənistan Respublikasına qatılmışdır.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş, nəticədə onun ərazisi 9 min kvadratkilometrdən 29,8 min kvadratkilometrə çatdırılmışdır.
Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün yeni meydan yaradılmış, Cənubi Qafqazda baş verəcək və indiyədək davam edən yeni faciələrin əsası qoyulmuşdur.
Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, türk və Azərbaycan xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alimlərinin” səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır.
Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi əməllərini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə Osmanlı dövləti ərazisində soyqırımına məruz qaldıqları, “incidilmiş, məzlum və əzabkeş xalq” olduqları barədə uydurmaların beynəlxalq miqyasda qəbul olunmasına cəhd göstərirlər. Təəssüf ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş real soyqırımı faktlarına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri və hökumətləri, bəzən də beynəlxalq təşkilatlar bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.
Tarixdə heç bir “erməni soyqırımının” baş vermədiyini elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən bir sıra Qərb alimləri çoxdan sübuta yetirmişlər. “Erməni soyqırımı” haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub real tarixi faktlara əsaslanmır. Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, tədqiqatçıların, o cümlədən erməni alimlərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni alimlərinin sağlam elmi polemikadan imtina etməsi də “erməni soyqırımı” əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş məkrli siyasətin əyani təzahürüdür. 1948–1953-cü illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 20 minə qədər azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 946 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. 1988–1993-cü illər ərzində Azərbaycana 820 milyard ABŞ dollarınadək məbləğdə maddi ziyan vurulmuşdur.
İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törətmişlər. Əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı zamanı bütöv bir iri yaşayış məntəqəsi tamamilə yox edilmiş, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni qəddarlığına, təhqirlərə və həqarətə məruz qalmışlar. Bir çox ailələr bütünlüklə məhv edilmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Ümumən XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçiliyinin zülmündən bu və ya digər şəkildə zərər çəkməyən ailə yoxdur.
Azərbaycan dövləti son iki yüz ildə Azərbaycan xalqına qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmişdir. Dövlət başçısının Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Milli Məclisi azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qaldığını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın az olduğunu nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatına, Parlamentlərarası İttifaqa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, başqa beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki:
- Erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar.
- Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması işini tezliklə başa çatdırsınlar.
- Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin
2018-ci il 30 mart tarixli iclasında qəbul edilmişdir).