2018-01-19

Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi İğdır şəhərində anılıb

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır Universiteti, Əsassız Erməni iddiaları ilə mübarizə Dərnəyi və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundan sonra ruhlarına dualar oxunub.. Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli filmin nümayiş olunub. Sonra baş konsul Nuru Quliyev, İğdır Vilayətinin valisi Enver Ünlü, İğdır Universitetinin prorektoru Səlim Ərdoğan, Əsassız Erməni iddiaları ilə mübarizə Dərnəyinin sədri Göksal Gülbəy, Azərbaycan Evi Derneyinin sədri Serdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyin Bakıya qanunsuz olaraq qoşun yeritməsi Azərbaycanın suveren hüquqlarına qəsd kimi dəyərləndirilib. Çıxışçılar ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində səsləndirdiyi siyasi bəyanatın tarixi mahiyyəti, əliyalın sovet tankları qarşısına çıxan Azərbaycan xalqının qəhrəmanlığı, şəhidlərimizin adını uca tutulması kimi məsələlər barədə iştirakçılara müfəssəl məlumat veriblər.

Arxiv üzrə axtarış