2017-05-11

Yeni açılan Heydər Əliyev Parkında Ərzurum ictimaiyyəti əsl bayram ovqatı yaşayıb

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yeni salınan prospektlərdən birinə Azərbaycan, bu prospektin ərazisində yerləşən ən böyük parka isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı verilib. Bu münasibətlə Heydər Əliyev Parkında təntənəli açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, deputatlar, ölkə ictimaiyyətinin görkəmli simaları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Rəsmi hissədə baş konsul Nuru Quliyev, Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov, Ərzurum valisi Seyfəddin Azizoğlu, Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen, Ədalət və İnkişaf Partiyası Ərzurum vilayət şöbəsinin sədri Mehmet Emin Özün çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi strategiyanın nailiyyətlərindən, Azərbaycan və Türkiyənin birgə yüksəlişini təmin edən layihələrin əhəmiyyətindən danışılıb.

Azərbaycan və Türkiyənin dövlət bayraqları, Ulu Öndərimizin portretləri, ölkələrimizin və xalqlarımızın qardaşlığını əks etdirən şüarlarla bəzədilən Heydər Əliyev Parkında geniş konsert proqramı da olub.

Azərbaycandan gələn tanımış musiqiçilər Ərzurum ictimaiyyətinə əsl bayram ovqatı bəxş ediblər.

Sabir Şahtaxtı

Arxiv üzrə axtarış