Xocalı soyqırımı ilə bağlı Ardahan Universitetində izdihamlı toplantı keçirilib
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən beşinci tədbiri baş konsulluğun xidmət ərazisi olan Ardahan vilayətinin Ardahan Universitetində həyata keçirib
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu və Ardahan Universitetinin birgə təşkilatçılığı əsasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib
Ardahan Universitetində təşkil olunan mərasimdə Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Aradahan Universitetinin rektoru Mehmet Biber, AMEA-nın professoru Vəli Baxşəliyev, Ardahan Universitetinin rəhbər şəxsləri, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib
Sonra Xocalı şəhidlərinin ruhuna “Qurani -kərim”dən ayələr oxunub.
Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev, Aradahan Universitetinin rektoru Mehmet Biber, AMEA-nın professoru Vəli Baxşəliyev və Aradahan Universitetinin professoru Şureddin Məmmədli çıxış ediblər.
Çıxışçılar Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı yaşanan Xocalı soyqırımı barədə ümumi məlumat verərək erməni millətçilərinin zaman-zaman Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri ağır cinayətlərdən danışıblar.
Baş konsul Nuru Quliyev erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımının səbəb və nəticələri, o cümlədən bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılması və soyqırım aktı kimi qəbul olunması məsələlərindən danışıb.