2017-02-27

Xocalı soyqırımı ilə bağlı Qars Qafqaz Universitetində izdihamlı toplantı keçirilib

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən dördüncü tədbiri Qars şəhərindəki Qafqaz Universitetində həyata keçirib.

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu və Qars Qafqaz Universitetinin birgə təşkilatçılığı əsasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Qars Qafqaz Universitetində təşkil olunan mərasimdə Qars Böyükşəhər Bələdiyyəsi sədrinin vəzifəsini icra edən Yaqub Yıldız, Qars Polis Təşkilatının müdiri Faruk Qaraduman, Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adəm Çalkın, Qars Səhiyyə müdiri Abdil Yılmaz, Qars Təhsil müdiri Gökhan Altun,  AMEA-nın professoru Vəli Baxşəliyev, Heydər Əliyev Liseyinin rəhbər şəxsləri, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Xocalı şəhidlərinin ruhuna “Qurani -kərim”dən ayələr oxunub.

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev, Qars Böyükşəhər Bələdiyyəsi sədrinin əvəzedicisi Yaqub Yıldız, AMEA-nın professoru Vəli Baxşəliyev, Qars Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu çıxış ediblər.

Xocalı soyqırımı barədə ümumi məlumat verən çıxışçılar erməni millətçilərinin zaman-zaman Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri ağır cinayətlərdən danışıblar. Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərində erməni silahlılarının Türkiyənin şərqində, o cümlədən Aralıq bölgəsində dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımıların acı nişanələr bu gün də qalmaqdadır. Xocalı soyqırımı bütün bu cinayətlərin davamıdır.

Baş konsul Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından bəhs edib. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə ilk dəfə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul əminliklə vurğulayıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq mütləq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməlidirlər.

Arxiv üzrə axtarış