Xocalının Soyqırımı Türkiyənin Aralıq vilayətində də yad edilib
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən üçüncü tədbiri baş konsulluğun xidmət ərazisi olan Aralıq vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə on beş iyul şəhid və qazi ailələri sosyal köməkləşmə və həmrəylik dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilib.
Aralıq Dilucu Peşə və Texniki Anadolu Litseyində təşkil olunan tədbirdə Azərbaycanın Qars baş konsulu Nuru Quliyev, Aralıq vilayətinin kaymakamı Kəmal Duru, Aralıq vilayətinin Bələdiyyə sədri Bayram Peksam, Aralıq vilayətinin Qarnizon komandiri polkovnik-leytenant Mustafa Tamer, Aralıq vilayətinin Təhsil müdiri Hakan Cerit, AMEA-nın professoru Vəli Baxşəliyev, o cümlədən Azərbaycanın Qars şəhərindəki baş Konsuluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, Heydər Əliyev Fən Lisesi idarəçiləri, Aralıq Dilucu Peşə və Texniki Anadolu Litseyinin idarəçiləri, şagirdləri, dərnək başçıları, İğdırlılar, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani -kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib
Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyevin, on beş iyul şəhid və qazi ailələri sosyal köməkləşmə və həmrəylik dərnəyinin sədri Qənbər Gözəlqayanın, Aralıq vilayətinin kaymakamı Kəmal Durunun çıxışları olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Beynəlxalq hüququn bütün norma və prinsiplərinin heçə sayıldığını və nəticədə törədilmiş bu soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyət əleyhinə törədilmiş ən ağır insanlıq cinayəti olduğunu ifadə edən çıxışçılar bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifə kimi daxil olub. Daha sonra Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətdiyi diqqətə çatdırıb. Bilirilib ki, keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb.
Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməlidir.