İğdırda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən ilk tədbiri baş konsulluğun xidmət ərazisi olan İğdır vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və İqdır Azərbaycan Evi Dərnəyinin (İAED) birgə təşkilatçılığı əsasında keçirilib.
Təşkil edilən tədbirdə Azərbaycanın Qars baş konsulu Nuru Quliyev, İğdır vali vəkili Bilgehan Karanfil, İğdır vilayəti baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin müdiri Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, Azərbaycanın Qars baş konsuluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri Heydər Əliyev Fən Lisesi idarəçiləri, şagirdləri, dərnək başçıları və İğdırlılar iştirak edib.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani -kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuru Quliyev, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası TADDEF və İAED-in sədri Sərdar Ünsalın çıxışları dinlənilib.
Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrindən bəhs edən çıxışçılar XX əsr boyunda erməni millətçilərinin təşkilatçılığı ilə bu toplumdan düzəldilən silahlı dəstələrin xalqımıza qarşı törətdikləri ağır cinayətlərdən və bu amansızlığın davamı olan Xocalı soyqırımının dünyada tanıdılması prosesi barədə iştirakçılara ümumi məlumat veriblər.
Baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində davam edən proseslər ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin mahiyyətini ifşa edir.
Tədbirin sonunda Xocalıya həsr olunmuş şeir müsabiqəsi olub. Keçirilən şeir müsabiqəsinin qaliblərinə hədiyyələr verilib.