20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir
Azərbaycanın Qarsdakı baş konsulluğu bu şəhərdə fəaliyyət göstərən Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Mərasimdə Qars Böyükşəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, onun müavinləri, Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adem Çalkın, Qafqaz Universitetinin prorektoru Selçuk Ural, digər rəsmi şəxslər, eləcə də Azərbaycanı və Türkiyəni təmsil edən ziyalılar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən dualar oxunub.
Baş konsul Nuru Quliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat verib. Böyük insan itkisinə səbəb olan bu hadisənin Azərbaycan xalqının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını diqqətə çatdıran baş konsul qeyd edib ki, keçmiş SSRİ rəhbərliyi həmin hadisələrin əsl mahiyyətini o vaxt cidd-cəhdlə dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Lakin həmin ağır günlərdə xalqımızla həmrəylik nümayiş etdirən ümummilli lider Heydər Əliyev böyük təhlükələrə məhəl qoymadan ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək M.Qorbaçov başda olmaqla 20 Yanvar faciəsini törədənlərin əsl simasını ifşa edib, bu cinayətin tam mahiyyətini açıqlayıb.
Sonra professor Xurşid İsayevin və dosent Nəzakət Hüseynqızının 20 Yanvar faciəsi barədə çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət uzun illər xalqların bərabərliyi, insan haqları, humanizm prinsipləri barədə saxta təbliğat aparan Kommunist Partiyasının əsl simasını ortaya qoyub.
Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına qarşı etiraz edən xalqın azadlıq mübarizəsinin nəticəsidir. Xalq şüurlu şəkildə sovet imperiyasının ayrı-seçkilik siyasətinə qarşı öz etirazını nümayiş etdirib. 20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir.