Türkiyədə “Tarixi və çağdaş Naxçıvan” elmi kitabı nəşr olunub
İstanbulda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və himayədarlığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tarixi və çağdaş Naxçıvan” elmi kitabı nəşr olunub.
Baş konsul Ayxan Süleymanlının ön söz müəllifliyi ilə hazırlanan kitab yeddi elmi məqalə, nəticə, türk, ingilis, rus və fars dillərində yazılmış xülasədən, Naxçıvanın tarixini və müasir inkişafını əks etdirən nadir fotolardan ibarətdir.
AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtının rəhbəri olduğu nəşrə professorlar Hacali Nəcəfoğlu və Səlcuk Ural rəy veriblər.
Kitabda professorlar Hacali Nəcəfoğlu və İbrahim Ethem Atnur, doktorlar Sabir Şahtaxtı, Arzu Şeyda, Emin Arif Şixəliyev və Elçin Zamanlının elmi məqalələri, ön söz müəllifi və alimlərin bioqrafiyası toplanıb.
Naxçıvanın qədim tarixi, o cümlədən XX əsrin əvvəllərindən başlayaraq bölgədə cərəyan edən ictimai-siyasi və hərbi proseslər, Naxçıvanın muxtar respublika statusu əldə etməsi, ötən əsrin sonunda ümummilli lider Heydər Əliyevin bölgədəki xilaskarlıq və ümumi inkişafı təmin edən tarixi missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın sosial-iqtisadi inkişafının Türkiyə və İranla həmsərhəd bölgələrə təsiri kimi məsələlər ətraflı təhlil olunur. Əsaslandırılır ki, XX əsrin əvvəllərində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk, dövrünün böyük siyasi və dövlət xadimi Kazım Qarabəkir Paşa, Behbud Ağa Şahtaxtinski və başqalarının Naxçıvanın qorunması və muxtariyyət statusunun əldə olunması ilə bağlı tarixi missiyası ötən əsrin sonlarında Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev tərəfindən təkbaşına həyata keçirilib. Bu barədə Prezident İlham Əliyev deyib: “...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.
Kitabda, həmçinin Azərbaycanın gerçəkləşdirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və TANAP beynəlxalq iqtisadi layihələrinin Naxçıvanın ümumi inkişafına təsiri, eləcə də ortaya çıxan yeni perspektivlər, bütün bu uğurlu siyasətin Naxçıvanın Türkiyə və İranın həmsərhəd bölgələrindəki əhalinin rifahına və hərtərəfli yüksəlişinə göstərdiyi təsir kimi məsələlər əks olunur.
Məqalələrdə Naxçıvanla bağlı Azərbaycan, Türkiyə və İranın arxiv sənədləri, tarixi kitablar və rəsmi mənbələrdən götürülən informasiyalar tədqiqata cəlb olunub. Kitab Naxçıvanın tarixi, muxtar respublikanın müasir inkişaf istiqamətləri, Azərbaycanın həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin bölgədəki yüksəlişə təsiri məsələlərinin araşdırılması ilə məşğul olan mütəxəssislər üçün əsaslı vəsaitdir.
“Araz yayınları” tərəfindən nəşrə hazırlanan kitab İstanbulda fəaliyyət göstərən “Aktiv” mətbəədə nəfis tərtibatda və yüksək poliqrafiya ilə çap olunub.
Azərbaycanın Baş konsulluğu Milli Qurtuluş Günü ərəfəsində Qars şəhərində “Tarixi və çağdaş Naxçıvan” kitabının təqdimatını təşkil edəcək.