2016-05-26

Qarsda 28 May - Respublika Günü qeyd olunub

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu 28 May - Respublika Günü münasibətilə bu şəhərdəki “The Kars Park” otelində rəsmi mərasim təşkil edib.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yol, müstəqil dövlətimizin qurucusu olan ziyalılarımızın həyat və fəaliyyəti, cümhuriyyət hökumətinin süqutunun səbəbləri barədə məlumat verən baş konsul Ayxan Süleymanlı keçmiş sovetlər birliyində baş verən siyasi proseslərə toxunub. O, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması üçün yenidən tarixi şəraitin yarandığını diqqətə çatdırıb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda yaranan böhranın dövlətimiz üçün yaratdığı təhlükələr barədə ümumi məlumat verən diplomat ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan xalqının yenidən öz dövlət müstəqilliyinə qovuşduğunu, Ulu Öndərimizin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın hərtərəfli dirçəlişdə olduğunu, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının təmin edildiyini diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin xüsusi önəm daşıdığını, iki ölkənin bölgədə ən mühüm qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı və təşəbbüsçüsü olduqlarını, ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin ölkələrimizi daha sıx birləşdirdiyini vurğulayıb. Azərbaycan və Türkiyə münasibətlərində Qarsın müstəsna yeri olduğunu vurğulayan A.Süleymanlı qeyd edib ki, bu şəhər iki ölkə arasında dostluğun və qardaşlığın mərkəzinə çevrilib. Qarsın Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri ilə qardaşlaşması deyilənlərə bariz nümunədir.

Xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edən Qars vilayətinin valisi Günay Özdəmir Azərbaycan və türk xalqlarının dini, milli, mədəni ortaqlıqlarından danışıb. O qeyd edib ki, xalqlarımızın qardaşlığı ölkələrimiz üçün ən böyük sərvətdir. Azərbaycan xalqının tarix boyu böyük qurbanlar verərək öz müstəqilliyini əldə etməsini və qoruyub-saxlamasını böyük tarixi nailiyyət kimi qiymətləndirən vali bildirib ki, bu yolda Türkiyə hər zaman Azərbaycanın yanındadır və qardaş ölkəyə dəstəyini bundan sonra da davam etdirəcək.

Çıxışlardan sonra baş konsul və vali iki ölkənin bayraqlarını əks etdirən bayram tortunu kəsiblər, baş konsulluq tərəfindən mərasim iştirakçılarına rəsmi ziyafət verilib.

Tədbir yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış