2016-05-09

Ümummilli Liderin doğum günü Qarsda qeyd olunub

Azərbaycan Respublikasının Qars şəhərində Baş Konsulluğu tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, ilk olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanlı Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı mətbuat açıqlaması verib və həmin açıqlama ölkənin yerli KİV-də dərc olunub.

Tədbirin əvvəlində Qars şəhəri Ərzurum küçəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə Baş Konsulluğun adından gül dəstələrinin qoyulması mərasimi təşkil edilmiş, sonra Ulu Öndər Heydər Əliyevin büstü önündə birgə xatirə fotoşəkili çəkilib.

Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mərasim Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində davam etdirilib.

İlk növbədə Baş Konsulluğun adından Heydər Əliyev Mərkəzinə Ümummilli Liderimiz və Möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif növ kitab və jurnallar, eləcədə Azərbaycan həqiqətlərini (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi) və Azərbaycanla bağlı müxtəlif sahələri əks etdirən jurnal və digər təbliğat materialları hədiyyə olaraq təqdim olunub.

Təbliğat materialların təqdimetmə mərasimindən sonra Baş Konsul Ayxan Süleymanlı tədbir iştirakçıları qarşısında çıxış edib. Öz çıxışında Baş Konsul Ulu Öndərin göstərdiyi xidmətlərdən danışaraq, bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi və respublikamızın siyasi arenada yüksək imicə malik olması Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

A. Süleymanlı mərhum prezidentin ağır bir dövrdə Azərbaycanda rəhbərliyi üzərinə götürməsindən söz açmış və ölkədə vəziyyətin sabitləşməsi sahəsində apardığı fəaliyyəti ilə bağlı maraqlı faktları tədbir iştirakçıları ilə bölüşmüşdür.

Bundan əlavə Baş konsul Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayələrin yatırıldığını qeyd etmiş, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirib.

Bundan əlavə Baş konsul Heydər Əliyevin Türkiyə və Azərbaycan arasında sıx əlaqələrin yaradılması istiqamətində yürütdüyü siyasət xəttini xüsusi qeyd etmişdir.

Sonra çıxış edən Qafqaz Universitetinin müəllimi- həmyerlimiz Xurşud İsayev Heydər Əliyev mərkəzinə hədiyyə edilmiş kitab və jurnallara görə Baş Konsulluğa öz təşəkkürünü bildirərək, bunun  universitetdə təhsil alan yerli və azərbaycanlı tələbələrin Ulu Öndərimizin həyat və fəaliyyəti, Azərbaycan haqqında məlumat və həqiqətlərin daha da yaxından tanıdılması və maarifləndirməsi işində böyük töhfələrin verəcəyini bildirib.

Çıxışını davam edən X.İsayev ölkəmizin mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında dahi şəxsiyyət- Heydər Əliyevin rolu haqqında, onun Azərbaycanın inkişafı və beynəlxalq sistemə inteqrasiya edilməsi istiqamətindəki apardığı strategiyasından danışıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən fotostend, kitab və jurnallar ilə tanış olublar.

Tədbirin sonunda Baş konsul A.Süleymanlı qonaqları mərasimdə iştirak etdikləri və Ümummilli Liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə öz dərin təşəkkürünü bildirmişdir.

Tədbirdə Qars Qafqaz Universitetinin professor-müəllim heyəti, Baş Konsulluğun əməkdaşları, universitetdə təhsil alan azərbaycanlı tələbələr, Qarsda yaşayan soydaşlarımız və yerli KİV-nin nümayəndələri iştirak etmişlər. Tədbir yerli KİV-ri tərəfindən geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış