Qars ictimaiyyətinə Xocalı faciəsinin acı nəticələri barədə məlumat verilib
Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən keçirilən mərasimdə də yad edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Ayxan Süleymanlı Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edərək, bu soyqırımının erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədildiyini diqqətə çatdırıb. O, Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş soyqırımının təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Diplomat Xocalı soyqırımının törədilməsində Ermənistanın keçmiş prezidenti R.Köçəryanın, indiki prezidenti S.Sarkisyanın və müdafiə naziri S.Oqanyanın birbaşa rəhbərlik və iştirak etdiklərini diqqətə çatdırıb. O, Xocalı soyqırımına hüquqi qiymətin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, sonrakı illərdə dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın 20-dən artıq ştatı və İslam Konfransı Təşkilatı tərəfindən soyqırımı kimi tanındığını və pislənildiyini bildirib.
Sonra Qarsdakı Qafqaz Universitetinin dosenti, həmyerlimiz Ellada Gərayzadə erməni terrorçularının Xocalı şəhərini tamamilə yer üzündən silmələri, əsir götürülmüş insanlara misli görünməmiş işgəncələr verilməsi barədə faktları diqqətə çatdırıb.
Çıxışlardan sonra Qars Qafqaz Universitetinin tələbəsi Hasan Eskici "Ya Qarabağ, ya ölüm!" adlı şeirini oxuyub.
Qars vilayətinin müftisi Mehmet Genç şəhid olanların ruhuna Qurandan dualar oxuyub.
Daha sonra Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar fotoslayd və sənədli film nümayiş etdirilib.
İştirakçılar Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları ilə tanış olublar.
Sonra ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun mətbuat açıqlaması yerli KİV tərəfindən yayılıb.