Baş konsulun müraciəti

Saytın hörmətli qonaqları,

 Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun saytına xoş gəlmisiniz. Ümüdvaram ki saytdan istifadə sizlər üçün olduqca yararlı olacaq.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu 2004 - cü il aprelin 12-də açılıb və onun xidmət dairəsi Türkiyənin 17 şərq və cənubi şərq vilayətlərini əhatə edir.

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən, əvəzolunmaz təbiətə, çoxəsrlik irs və mədəniyyətə, qədim tarixə, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrə malik olan bir dövlətdir. XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycan xalqı son yüzillikdə ikinci dəfə öz müqəddaratını həll etmə şansı əldə etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən  sonra Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa edərək, beynəlxalq aləmə inteqrasiya etdi.

Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın "qara qızıl"ın hasilatı və emalı prosesinin beşiyi sayılması heç də təsadüfi deyil. Önəmli tarixə malik neft tarixinin rifah və dirçəlişlə zəngin olan dövrü isə 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə ikinci dəfə qayıtmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir çox sahədə olduğu kimi Azərbaycanın enerji diplomatiyasının da banisi olan Heydər Əliyevin təşkilatçılıq, siyasi uzaqgörənlik, iti zəka, işgüzarlıq, bilik və bacarığı sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsinin 13 şirkəti ilə “məhsulun pay bölgüsü” (daha sonrada “əsrin müqaviləsi”) adlı müqavilə imzalandı. Bununla yanaşı bugün Azərbaycanda Tap, Tanap və “Şahdəniz 2” kimi dünya miqyaslı nəhəng enerji layihələri həyata keçirilir.

 9 noyabr 1991-ci il tarixində Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanımış, diplomatik əlaqələr 14 yanvar 1992-ci il tarixində qurulmuşdur.Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki dövlət strateji tərəfdaşdır.  Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dövlət və hökumət xadimlərinin, iqtisadi məsələlər üzrə aidiyyətli qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların iclasları davamlı şəkildə keçirilməkdədir. Beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun olması Qars bölgəsinin Azərbaycan üçün əhəmiyyətindən xəbər verir. Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdəki əlaqələrimizin yüksək səviyyədə olduğunu nəzərə alaraq biz də bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışırıq və mən əminəm ki, Azərbaycan və Türkiyə  arasında dostluq, qardaşlıq, əməkdaşlıq və tərəfdaşlığa əsaslanan siyasi, itisadi və mədəni əlaqələr xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Hörmətlə,

Nuru Quliyev,
Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu

Arxiv üzrə axtarış