2026-05-25

Azərbaycanın Müstəqillik Günü münasibətilə Qars və Ərzurumda tədbirlər keçirilmişdir

22 may 2026-cı il tarixində Qars şəhərində yerləşən Pera salonunda Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilmişdir.
Qəbulda Bələdiyyə sədri Ötüken Senger və baş konsul Zamin Əliyev çıxış etmiş, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının Qars millət vəkili Adəm Çalkının təbrik mesajı oxunmuşdur. Daha sonra Qars Qafqaz Universitetinin Konservatoriyasının müəllimlərinin və Azərbaycandan dəvət olunmuş musiqiçilərin ifasında musiqi nömrələri səsləndirilmişdir.
Tədbirdə Qars vilayətinin baş prokuroru Mehmet Çepni, İnzibati Məhkəmənin sədri Mehmet Akif Akar, digər rəsmilər, qurum rəhbərləri, Qafqaz Universitetinin müəllim və tələbələri, Qars sakinləri, Azərbaycan dərnəklərinin nümayəndələri, Qarsda yaşayan azərbaycanlılar, yerli mətbuat nümayəndələri, Baş Konsulluğun heyəti iştirak etmişdir. Salonun girişində Azərbaycanın görməli yerlərinin foto-şəkilləri nümayiş olunmuşdur.
21 may tarixində Qars Bələdiyyəsi, Qafqaz Universiteti, Qafqaz Universiteti Azərbaycanlı Tələbələr Birliyinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə sözügedən Universitetin Ahmet Arslan Konqres Mərkəzində Müstəqillik Gününə həsr olunan “Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” konsert proqramı baş tutmuşdur.
15 may tarixində oxşar konsert proqramı Ərzurum Böyük Şəhər Bələdiyyəsinin, Ərzurum Azərbaycanlı Tələbələr Birliyinin, Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən “Qafqaz Mirası” mədəniyyət klubunun birgə təşkilatçılığı ilə Ərzurumda yerləşən İbrahim Erkal Mədəniyyət Mərkəzində keçirilmişdir.

Arxiv üzrə axtarış