Ərdahan Universitetinin Konfrans Zalına şəhid Mustafa Kərimovun adı verilmişdir.
7 noyabr 2025-ci il tarixində Ərdahan Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Konfrans Zalına həmin fakültədə təhsil almış və 44 günlük Vətən müharibəsində şəhid olmuş Kərimov Mustafa Mayis oğlunun adının verilməsi mərasimi baş tutmuşdur.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkənin himnləri səsləndirilmiş, Zəfərin 5-ci ildönümü ilə bağlı video-çarx və şəhidin şəkillərindən ibarət slayd nümayiş etdirilmişdir.
Sonra şəhidin atası Mayis Kərimov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, Elm və təhsil, Gənclər və idman komitələrinin sədrləri, müvafiq olaraq Anar İsgəndərov və Şahin İsmayılov, Türkiyədəki Səfirliyimizin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və hərbi attaşenin baş köməkçisi Polad Süleymanov, Ərdahan valisinin müavini Mehmet Sert, Ərdahan Universitetinin rektoru Öztürk Emiroğlu, prorektoru Zafer Aykanat, Tarix fakültəsinin müəllimi Volkan Özkan və baş konsul çıxış etmişlər. Sonda Ərdahan Universitetinin rektoru Mustafa Kərimovun Universitetdə oxuduğuna dair təşəkkür sənədini və şəhidin şəklini ailəsinə təqdim etmiş, konfrans zalının açılışını bildirən lent kəsilmişdir.
Tədbirdə Ərdahan vilayətinin rəsmiləri, Qafqaz və İğdır universitetlərinin rektorları, Qars İnzibati Məhkəməsinin sədri, hərbçilər, Universitetin müəllim və tələbələri, Xəzər Universitetinin Müşahidə Şurasının sədri iştirak etmişlər.



