2025-06-20

17 iyun 2025-ci ildə Qars şəhərində Türkiyə-Azərbaycan sərhəd vilayətləri regional iqtisadi forumu keçirilmişdir

Qars Ticarət və Sənaye Palatasının (KATSO) və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Baş Konsulluğun dəstəyi ilə 17 iyun 2025-ci ildə Qars şəhərində Türkiyə-Azərbaycan sərhəd vilayətləri regional iqtisadi forumu keçirilmişdir.

Forumda Qars valisi Ziya Polad, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, KATSO-nun rəhbəri Kadir Bozan və KOSGEB-in sədr müavini Selim Serkan Ercan çıxış etmişlər. Çıxışlardan sonra Azərbaycan və Türkiyədə investisiya imkanları ilə əlaqədar videoçarxlar nümayiş olunmuş, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev ölkəmizin investisiya imkanları haqqında geniş təqdimatla çıxış etmişdir. Forumun rəsmi hissəsindən sonra iş adamlarının B2B görüşləri keçirilmiş, qarşı tərəfin sualları cavablandırılmışdır.

Forumda Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger, rəsmilər, hər iki ölkənin müxtəlif sahələrdən olan iş adamları, Türkiyənin Ardahan, İğdır, Ağrı, Ərzurum və Van vilayətlərinin ticarət palatalarının nümayəndələri, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının üzvləri, KOBİA nümayəndələri və Baş Konsulluğun heyəti iştirak etmişdir.

Eyni zamanda, həmin gün aşağıdakı görüşlər keçirilmişdir:

- KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Baş Konsulluğu ziyarət etmişdir.

- O.Məmmədov KATSO-nu ziyarət etmiş, Türkiyə Respublikası Kiçik və Orta Biznesin İnkişafı və Dəstəklənməsi Agentliyi (KOSGEB) sədrinin müavini Selim Serkan Ercan və KATSO-nun sədri Kadir Bozan ilə görüşmüşdür.

- Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov və O.Məmmədov Qars valisi Ziya Polad və Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger ilə görüşmüşlər. Görüşlər zamanı iki ölkə arasında münasibətlər, sərhədyanı bölgələr arasında iqtisadi əməkdaşlığın artırılması və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

16 iyun tarixində Azərbaycandan gələn iş adamları Qarsdakı  sənaye zonasını ziyarət etmiş, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuş, bölgənin investisiya imkanlarını öyrənmişlər.

      

  

  

                   

   

 

 

 

 

 

Arxiv üzrə axtarış