10-11 iyun 2025-ci ildə Türkiyənin Ərzurum və Ərzincan şəhərlərində görüş və tədbirlər
Azərbaycanda “Konstitusiya və həmrəylik ili” çərçivəsində 10-11 iyun 2025-ci ildə Türkiyənin Ərzurum və Ərzincan şəhərlərində aşağıdakı tədbirlər baş tutmuşdur:
10 iyun tarixində Ərzurum Ticarət və Sənaye Palatasının (ETSO) inzibati binasında Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi və ETSO-nun təşkilatçılığı, Qarsdakı Baş Konsulluğun dəstəyi ilə “Azərbaycanda investisiya və iş fürsətləri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Ərzurum valisinin müavini Berk Çelik, Ərzurum Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Murat Altundağ, ETSO-nun rəhbəri Saim Özakalın və baş konsul Zamin Əliyev çıxış etmişlər.
11 iyun tarixində Ərzincan Ticarət və Sənaye Palatasının inzibati binasında Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi, Ərzincan Valiliyi, sözügedən palatanın təşkilatçılığı, Qarsdakı Baş Konsulluğun dəstəyi ilə “Azərbaycanda investisiya və iş fürsətləri” mövzusunda tədbir baş tutmuşdur. Tədbir zamanı ticarət nümayəndəsi Tamerlan Tağıyev, Ərzincan valisinin müavini Rumeysa Sena Kurt, palatanın rəhbəri Ahmet Tanoğlu və baş konsul Zamin Əliyev çıxış etmişlər. Hər iki tədbirdə rəsmi çıxışlardan sonra Azərbaycanda investisiya imkanları mövzusunda videoçarx nümayiş olunmuş, Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev ölkəmizin investisiya imkanları haqqında geniş təqdimatla çıxış etmiş, iş adamlarının sualları cavablandırılmış, B2B görüşlər keçirilmişdir.
10 iyun 2025-ci ildə baş konsul Zamin Əliyev və Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda ticarət nümayəndəsi Tamerlan Tağıyev Ərzurum Atatürk Universitetinin rektoru Prof.Dr. Ahmet Hacımüftüoğlu ilə görüşmüşlər.
11 iyun 2025-ci ildə baş konsul Zamin Əliyev və Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda ticarət nümayəndəsi Tamerlan Tağıyev Ərzincan valisi Hamza Aydoğdu ilə görüşmüşlər.






