2018-11-23

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev “Müəllimlər Günü” münasibətilə, 21 noyabr 2018-ci il tarixdə Türkiyə Respublikasının Qars şəhərindəki Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində faəliyyət göstərən müəllimlərlə görüş keçirib.

Görüşdə çıxış edən baş konsul bildirib ki, hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu öndər deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Bundan başqa, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı danışan diplomat qeyd edib ki, bu sahədə həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verməsidir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmaqdadır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. Sevindirici hal bir də odur ki, indi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir.

Ötən illərdə Naxçıvan Muxtar Respublikasının şəhər mərkəzlərində və ən ucqar dağ kəndlərində tikilən və ya yenidən qurulan məktəblər və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər barədə baş konsul Nuru Quliyev tərəfindən ətraflı məlumat verilmiş, həmçinin ərazi baxımından yaxın olması ilə əlaqədar müəllim heyətinin muxtar respublikaya səfər edərək, oradakı məktəblərdə yaradılan şəraitlə tanış olmalarının, həmçinin muxtar respublikanın tarix və mədəniyyət abidələrini ziyarət etmələrinin faydalı ola biləcəyini bildirmişdir.

Son olaraq Baş konsul diqqətə çatdırıb ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Bu səbəblə, Azərbaycanda və qardaş ölkə Türkiyədə yeni cəmiyyət quruculuğunun memarları olan bütün müəllimləri bu əziz bayram münasibətilə ürəkdən təbrik edir, onlara bu şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirəm.

Sonda adıçəkilən liseydə təhsil alan gənc şagirdlərin iştirakı ilə tort kəsilib, görüş iştirakçılarına çay süfrəsi təşkil edilib.

Arxiv üzrə axtarış