2017-05-28
Türkiyənin Qars şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir təşkil olunub.

Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən Qafqaz Universitetində təşkil edilən tədbirdə Türkiyə rəsmiləri, o cümlədən, deputat Səlahəddin Beyribəy, general-mayor Turan İnan, Qarsın bələdiyyə sədri Mustafa Karaçanta, Daxili İşlər Nazirliyinin Qars İdarəsinin rəisi Faruk Karaduman, ictimaiyyətin nümayəndələri, qardaş ölkədə çalışan və təhsil alan azərbaycanlılar, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü, süqutu, Cümhuriyyət hökuməti silahlı yolla devriləndən sonra xalqımızın qarşılaşdığı müsibətlər, nəhayət, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpasından sonrakı proseslərdən danışıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının və inkişaf strategiyasının tarixi əhəmiyyətindən danışan baş konsul qeyd edib ki, Ulu Öndərin tarixi fəaliyyəti Azərbaycanın və Türkiyənin birgə inkişafını təmin edib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli yüksəlişinə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin davamlı inkişafına təkan verir.

Sonra Qars valisi Rəhmi Doğan dövlət müstəqilliyi münasibətilə Azərbaycan xalqına təbriklərini və xoş arzularını çatdırıb. Vali qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı Türkiyədə böyük sevinclə qarşılanır.

Tədbir bədii hissə ilə və ziyafətlə davam edib.

əvvəlki xəbər