2017-01-20
20 Yanvar faciəsi qurbanları İğdır şəhərində də ehtiramla yad olunub

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Türkiyənin İğdır şəhərində anım mərasimi keçirilib.

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə diplomatik nümayəndəliyimizin əməkdaşları, İğdır vilayətinin valisi Ahmet Turgay Alpman, Əmniyyət müdiri Orhan Çevik, bu bölgənin nüfuzlu şəxsləri, ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Sonra baş konsul Nuru Quliyev, vali Ahmet Turgay Alpman, Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin rəhbəri Ziya Zakir Acar və dosent Nəzakət Hüseynqızının çıxışları dinlənilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisinə qanunsuz daxil olan sovet ordu birləşmələrinin törətdikləri ağır cinayətlərin səbəb, məqsəd və nəticələri barədə geniş məlumat verən baş konsul Nur Quliyev diqqətə çatdırıb ki, məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi mümkün olmayıb. Sonrakı illərdə isə Ulu Öndərin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilib.

Vali Ahmet Turgay Alpman deyib ki, xoş gündə də, kədərli vaxtlarda da Azərbaycanın yanında olan Türkiyə xalqı 20 Yanvar hadisələrini böyük sıxıntı, ağır hüznlə qarşılayıb. Azərbaycan şəhidləri həmişə olduğu kimi, bundan sonra da Türkiyədə böyük ehtiramla anılacaq.

Z.Acar və N.Hüseynqızı 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etiraz edərək küçə və meydanlara axışan xalq faciədən əvvəl böyük cəsarətlə öz milli iradələrini ortaya qoyduğu kimi heç bir qorxu bilmədən eyni dəyanətlə də şəhidlərin dəfnində iştirak etmişdir.

növbəti xəbər əvvəlki xəbər