2016-11-25
Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda Müəllimlərlə Görüş Keçirilib

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi” ilə bağlı tədbirlərin davamı olaraq, 25 noyabr tarixində Qars Qafqaz Universitetində fəaliyyət göstərən azərbaycanlı və Azərbaycan kökənli yerli müəllimlərlə, Qars Özel Çelik Başarı Litseyinin müəllim kollektivi və Qafqaz Universitetinin Konservatoriya fakultəsinin müəllimləri ilə görüş təşkil olunub.

Görüşdə əsrlər boyu müstəqillik arzusuyla yaşamış xalqımızın fərqli imperiyaların və dövlətlərin tərkibində yaşamasına baxmayaraq, dünya mədəniyyətinə misilsiz töhvələr verdiyi və nəhayət 1991-ci ildən etibarən müstəqilliyini bərpa etdiyi vurğulanıb. Hələ müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan Respublikasının dərin siyasi və iqtisadi böhranla qarşı-qarşıya qaldığı, xalqın israrıyla siyasi hakimiyyətə yenidən qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik zəkası və əvəzolunmaz bilik və bacarığı sayəsində Azərbaycan dövlətinin qarşılaşdığı bütün çətinlikləri tezliklə arxada qoyduğu və Azərbaycan xalqı üçün yeni bir mərhələnin başlanması reallığı diqqətə çatdırılıb.

Ötən iyirmi beş il ərzində Azərbaycan xalqının dövlət quruculuğu prosesində vacib islahatlarla yanaşı, təhsil və elm sahəsində də əldə olunan yüksək nailiyyətlərdən danışan Baş Konsul, Azərbaycan ziyalılarının və müəllimlərinin bu şərəfli yolda verdikləri xüsusi töhvələri diqqətə çatdırıb. O, “müstəqilliyin əsas təməli təhsilə dayanmaqdadır və bunu təmin edən isə bizim üçün mənəvi valideyin hesab olunan əziz müəllimlərdir” deyib.  Bununla yanaşı, təhsil və tərbiyə sahəsində müəllimin şərəfli məsuliyyətindən söz edən Nuru Quliyev , Azərbaycan xalqının əvəzolunmaz şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin müəllimlər haqda söylədiyi -“Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır” şüarını iştirakçıların diqqətinə çatdırıb. Diqqəti, xalqımızın və millətimizin sabahkı taleyi üçün əsas amil hesab olunan təhsildə görülə biləcək işlərə yönəldən Baş Konsul sözlərinə Ulu Öndərin sözləri ilə davam edib: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün ... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Əlava olaraq, Baş Konsul, təlim-tərbiyə sahəsində qarşıda duran vacib və çоxşaxəli vəzifələrin uğurla həyata keçirilməsində təkcə pedaqоji heyətin əməyi yox, eyni zamanda ailələrin də önəmini vurğulayıb . Azərbaycan xalqı üçün əvəzolunmaz şəxs olan Heydər Əliyevin bu barədə söylədiyi - “Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi оlmadan mükəmməl tərbiyə оla bilməz, çünki bu prоses kоmpleks bir prоsesdir və оnun səmərəliliyini valideynlərlə pedaqоqların birgə səyi ilə yüksəltmək lazımdır” fikirlərini xatırladan Baş Konsul, hər bir şagirdin və tələbənin layiqli vətəndaş kimi fоrmalaşması üçün əsas amil, valideyinlərin və pedaqoji heyətin birgə səy göstərməsidir deyib.

Çıxışının sonunda Baş konsul Nuru Quliyev 24.11.2016-cı il tarixində Türkiyədə qeyd olunan müəllimlər günü münasibəti ilə iştirakçıları təbrik edib, onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində böyük uğurlar və can sağlığı arzulayıb.

növbəti xəbər əvvəlki xəbər

bakushop