2016-11-18
Azərbaycanın Müstəqillik günü Qarsda qeyd edilib.

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə Qafqaz Universitetində Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulluğunun diplomatik heyəti ilə yanaşı Qars vilayətinin Valisi Rahmi Doğan, Qars Bələdiyyəsinin sədri Murtaza Karaçanta, 14-cü Mexanik Komandanı General-Mayor Turan İnan, Qafqaz Universiteti Rektoru Prof. Doktor Sami Özcan, Ədalət və İnkişaf Partiyasının Qars təşkilatının sədri Adəm Çalkın, o cümlədən Naxçıvan Universitetinin “İdarəetmə” fakültəsinin dekanı və “Ümumi tarix” kafedrasının dosenti Elbrus İsayev, AMEA-nın dosenti Emin Şıxəliyev,  Qarsdakı soydaşlarımız və Qafqaz Universitedində təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin oxunmasının ardından Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin açılış çıxışı ilə başlayıb. Baş konsul oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün qeyd olunduğunu qeyd edib. O, 1918-ci ildə təməli qoyulmuş müstəqilliyimizin əfsuslar olsun ki,iki ilini doldurmadan itirilməsinin ardından bu şansın XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra eyni əsrdə ikinci dəfə əldə olunduğundan danışıb. Qarsdakı Baş Diplomat 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildiyini və Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb. Lakin ölkənin həmin dövrlərdə daxili və xarici təzyiqlərə məruz qaldığından danışan  Baş konsul, xalqın israrıyla yenidən siyasi hakimiyyətə qayıdmış ümummilli lider Heydər Əliyevin müdrikliyi, iti zəkası, uzaq görənliyi, bilik və bacarığı sayəsində, Azərbaycan Respublikasının bütün çətinlikləri arxada qoyaraq dünyaya qüdrətli bir dövlət kimi inteqrasiya etdiyini xüsusiylə vurğulayıb.

Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayan Baş konsul ölkələrin müstəqilliyi əldə etməsi nə qədər çətin olsa da onu qoruyub saxlamağın daha da çətin olduğundan danışıb.

Tədbirdə Naxçıvan Universitetinin “İdarəetmə” fakültəsinin dekanı və “Ümumi tarix” kafedrasının dosenti Elbrus İsayev və AMEA-nın dosenti Emin Şıxəliyevin çıxışları olub. Çıxışlar, Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü, bu müddət ərzində keçdiyi uğurlu yol və o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsinin həlli yolu haqda mövzuları əhatə edib.

Tədbir Azərbaycan Respublikasının dünya şöhrətli bəstəkarlarının musiqilərinin ifa olunması  və Azərbaycan xalq şairlərinin şeirlərinin oxunmasıyla yekunlaşıb. 

növbəti xəbər əvvəlki xəbər

bakushop