2016-10-18
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Qars şəhərindəki mətbuat xidməti nümayəndələri ilə görüşü

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Qarsın bir çox mətbuat xidməti nümayəndələri ilə bir araya gəlib.

Mətbuat xidməti nümayəndələrinin iştirak etdiyi görüşdə Baş konsul oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğu barədə məlumat verib. Baş konsul XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycan xalqının son yüzillikdə ikinci dəfə öz müqəddaratını həll etmə şansı əldə etdiyini diqqətə çatdırıb. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini bildirən Baş konsul Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya etdiyini və müstəqilliyin ilkin illərindən etibarən bir çox nüfuzlu ölkələr ilə əməkdaşlığa başladığını bildirib.

Müstəqilliyin bərpasının ilk illərində ölkədəki dərin siyasi və iqtisadi böhran, daxili və xarici təhdidlər reallıqlarından danışan Baş konsul ölkələrin müstəqilliyi əldə etməsi nə qədər çətin olsa da onu qoruyub saxlamağın daha da çətin olduğunu və ölkəni qüdrətli hala gətirmək və möhkəmləndirməyin də  nə qədər önəmli olduğunu vurğulayıb. O, Belə bir çətin zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin biliyi, bacarığı və müdrikliyi sayəsində Azərbaycanın üzləşdiyi bütün çətinlik və problemləri qısa müddət ərzində arxada qoyaraq Azərbaycanın müasir, hüquqi, ünitar və dünyəvi dövlət kimi öz inkişafına başladığını, beynəlxalq əlaqələrinin genişləndiyini, bildirib.

Baş konsul eyni zamanda Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışıb.“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 oktyabr tarixli Sərəncamını mətbuat xidmətinin nümayəndələrinə təqdim edən Baş konsul, müstəqillik dövründə uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimizin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişaf etməsi, mədəniyyətimizin zənginləşməsi və müstəqil Azərbaycan Respublikasının bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyi olduğunu vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər