2016-06-23
Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlının Qars vilayətinə yeni təyin olunmuş vali Rahmi Doğan ilə görüşündə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə dair müzakirələr aparılıb.

Baş konsul valiyə respublikamızdakı çoxistiqamətli inkişaf prosesləri, ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri haqqında məlumat verib.

R.Doğan Azərbaycanın sürətli inkişafından sevindiyini bildirib, ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin daha da möhkəmlənməsinin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bakıya səfəri zamanı gördüklərindən məmnun qaldığını diqqətə çatdıran vali təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında ortaq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin vəziyyəti, iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıqla bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı son vəziyyət haqqında məlumat verən baş konsul diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsi iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, xüsusən də Qars vilayətinin iqtisadi baxımdan daha da inkişaf etməsinə təkan verəcək. Həmçinin bu xətt sayəsində Türkiyənin Avropa ilə kommunikasiya əlaqələri genişlənəcək və tarixi İpək Yolu layihəsi dəmir yolu vasitəsilə yenidən gerçəkləşəcək.

Vali bu layihənin reallaşmasının iki ölkə üçün böyük önəm daşıdığını vurğulayaraq bu istiqamətdə işlərin daha da sürətləndirilməsinin vacib olduğunu qeyd edib.

növbəti xəbər əvvəlki xəbər

bakushop