2016-04-08
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədə qastrol səfərindədir

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Anadolu” Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsi çərçivəsində aprelin 4-dən 24-dək Türkiyədə genişmiqyaslı qastrol səfərindədir.

Qarsdakı baş konsulluğumuzun dəstəyi əsasında İrəvan Teatrının kollektivi İğdır şəhərlərində teatrsevərlərin qonağı olub.

Əvvəlcə teatrın kollektivi adından İğdırdakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Sonra teatr truppası ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nurlu ömrün anları” mənzum tamaşasının qısa formasını abidənin önündə nümayiş etdirib. İğdır valisi Davut Haner, vilayətin digər rəhbər işçiləri, Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşı Fariz Cəfərov və digər şəxslər də tamaşaçılar arasında olublar.

Qars səfərini Ulu Öndərimizin adını daşıyan Parkı ziyarətlə başlayan kollektiv burada Heydər Əliyevin heykəli önünə güllər düzərək xatirəsini ehtiramla yad ediblər. Burada da “Cümhuriyyətin ilk sədası” tamaşasından səhnəcik göstərilib.

Tamaşa Qarsdakı Xalq Təhsil Mərkəzində oynanılıb.

Sonra Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlı, Qars şəhər bələdiyyəsinin sədri M.Karaçanta, Qarsdakı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Mehmet Tekel və başqaları tamaşa barədə təəssüratlarını bölüşüblər.

Qastrol səfəri barədə geniş məlumat verən teatrın direktoru İftixar Piriyev bildirib ki, məqsəd Türkiyə və Azərbaycanın həmrəyliyini dünyaya daha bir yolla çatdırmaqdır.

Ərzurum şəhərində də tamaşaçıların görüşündə olan kollektiv qastrol çərçivəsində növbəti səhnələrini İstanbulda göstərəcək.

Azərbaycanın Qarsdakı baş konsulluğu teatrın İğdır, Qars və Ərzurumdakı nümayişlərinə dəstək verib.

növbəti xəbər əvvəlki xəbər

bakushop