Sənədləri̇n sorğusu

Azərbaycan Respublikasının xaricdəki vətəndaşları və əcnəbilərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin konsulluq şöbəsi və Baş Konsulluqları vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etmək və müəyyən sənədlər üzrə sorğu göndərmək hüququ vardır. Növbəti mərhələ aşağıdakı kimidir:

Ərizəçi Azərbaycan Respublikasının konsuluna müraciət etməli və tələb olunan hər bir sənəd üçün iki ərizə anket forması doldurmaqla lazımi konsulluq rüsumunu ödəməlidir.

Sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə göndərilir. Sorğu üzrə axtarış bitdikdən sonra Baş Arxiv İdarəsi tələb olunan sənədi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir ki, o da öz növbəsində bunu sorğu ərizəsinin verildiyi konsulluq bölməsinə göndərir.

 SƏNƏDLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ ORQANLARINDAN SORĞU EDİLMƏSİ

Müvafiq sənədin Azərbaycan Respublikasının orqanlarından sorğu edilməsi üçün ərizəçi iki nüsxədə anket doldurur. (həmin Anketi bilavasitə Forms alt səhifəsindən əldə edə bilərsiniz).

Qeyd olunan Anket Baş konsulluğun adına yazılmış çeklə (Money Order) birlikdə Baş konsulluğa təqdim edilir. Sənədlərin sorğu əsasında alınmasına görə, hər sənəd üçün 25 ABŞ dolları məbləğində dövlət rüsumu tutulur.

Məhkumluğun olmamağı haqqında Azərbaycan Respublikasının orqanlarından arayışın sorğu edilməsi üçün ərizəçi iki nüsxədə anket doldurur. (həmin Anketi bilavasitə Forms alt səhifəsindən əldə edə bilərsiniz).

Müvafiq sənədin, yaxud məhkumluğun olmamağı haqqında arayışın Azərbaycan Respublikasının orqanlarından sorğu edilməsi üçün ərizəçi şəxsən Baş konsulluğa gələ bilmədikdə, ərizəçinin Anketdə etdiyi imza notariat qaydasında təsdiq edilməlidir. (Anketin yalnız bir nüsxəsində olan imza təsdiq edilməlidir).

Hərbi bilet, əmək kitabçası, sürücülük vəsiqəsi, ailə vəziyyəti haqqında arayış, xasiyyətnamələr, Azərbaycan Respublikasının müəssisələrində saxlanılan şəxsi işlər sorğu edilə bilməz.

Ərizəçinin sorğusunun nəticələri barədə məlumat, yalnız sorğu edilən müvafiq təşkilatdan cavab daxil olduqda, mümkün olacaqdır.

Sorğunun edilməsi üçün tutulan konsulluq rüsumu, sorğu edilən məlumatın nəticələrindən asılı olmayaraq geri qaytarılmır.

Ərizəçi bilavasitə Azərbaycan Respublikasının müvafiq orqanına müraciət etdikdə və sorğu edilən sənəd Baş konsulluq vasitəsilə daxil olduqda, dövlət rüsumu müvafiq sənəd ərizəçiyə təqdim edilən zaman tutulacaqdır.

Yuxarıda qeyd olunan məsələlərlə əlaqədar ərizə və anket formalarını bilavasitə Forms alt səhifəsindən əldə edə bilərsiniz.

Hər hansı sual yarandığı təqdirdə Baş Konsulluğun konsulluq şöbəsinə müraciət edin və ya suallarınızı konsul əməkdaşına elektron poçt vasitəsilə ünvanlayın – consul@azconsulatela.org