2017-02-16
Tarixin qanlı ləkəsi olan Xocalı Soyqırımından 25 il ötür

Azərbaycan xalqı son 200 illik tarixi boyunca milliyətçi-şovinist ermənilərin etnik təmizləmə və işğalçı siyasətinə məruz qalmışdır. Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə qarşılaşan Azərbaycan xalqı öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün halına düşmüşdür. Azərbaycan xalqının öz tarixi yurdlarından qovulması, əzəli torpaqlarından didərgin düşməsi SSRİ dövründə də davam etmişdir.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdə ermənilərin “Dənizdən Dənizə Ermənistan” kimi axmaq və ağılasığmaz ideyasını həyata keçirmək cəhdləri, kəndlərin və şəhərlərin dağılması, bununla yanaşı minlərlə günahsız azərbaycanlının ölümü, sağ qalanların isə öz doğma yurdlarından didərgin düşmələri ilə nəticələnmişdir.

Tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmiz 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını xüsusilə vurğulamaq lazımdır. Xocalıda ermənilər tərəfindən törədilmiş qətliam XX əsrin və Azərbaycan tarixinin qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilər Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdilər.

Hər dəfə olduğu kimi bu hadisədə də beynəlxalq hüququn norma və prinsiplərini gözardı edən ermənilər Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ ərazisində soyqırım törətməkdən çəkinmədən işğalçılıq siyasətlərinə vəhşicəsinə davam etdilər. XX əsrin ən qanlı faciəsi olaraq bilinən bu soyqırımda xocalılar ermənilərin tarix boyu yer üzündə görülməmiş amansız və qəddar işğalçılıq siyasətinə məruz qalmışdır. XX əsrdə törədilən bu qanlı soyqırım sadəcə Azərbaycan tarixinə deyil eyni zamanda dünya tarixinə qarşı törədilmiş cinayətkar bir əməldir.

       Qətliamın planı

Ermənilərin Xocalını hədəf almaqdakı planı Dağlıq Qarabağda yaşayan azərbaycanlıları məhv etmək, Xocalını tarixdən və yer kürəsindən silmək idi. Çünki Xocalı ərazisində yerləşən tarixi abidələr, yerli türk əhalisinin yaşayış tərzi, adət-ənənələri və digər mədəniyyət və incəsənət nümunələri bu diyarın regionda xüsusi diqqət çəkməsində rol oynayırdı. Xocalının özünəməxsus incəsənət və mədəniyyətə malik olması onun tarixə adının Xocalı-Gədəbəy kimi həkk olunması ilə nəticələnmişdir. Xocalıda olan bu mədəniyyət və incəsənət abidələri insan bəşəriyətinin inkişaf dinamikasını özündə əks etdirən mədəni nümunələrdir. Məhz bu mədəniyyət və incəsənət abidələri ilə yanaşı Xocalıda yerləşən dünyanın ən qədim qəbirstanlığının da ermənilər tərəfindən barbarcasına darmadağın edilməsi dünya mədəniyyətinə də qarşı törədilmiş bir qətliamdır. 2016-cı ilin sonlarında Azərbaycanda olan erməni publisist-yazıçı, ermənilər tərəfindən Xocalıda törədilmiş faciəni qınadığını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyarət etmişdir. Ziyarət sonrası erməni jurnalist bu sözləri demişdir: “Mən Azərbaycan xalqına qarşı törədilmiş bu müsibətlərə görə ermənistan xalqı adından azərbaycan xalqından üzr istəyirəm.”

Vəhşicəsinə qətlə yetirilən Xocalı əhalisi 1992-ci il fevral ayının 25-i  23:00 radələrində SSRİ-yə ait 366-cı motoatıcı alayı tərəfindən ağır atəşə məruz qaldı. Bu amansızcasına hücumun başlanğıcında ilk öncə Xocalıda yerləşən müdafiə sığınacaqları və yataqxanalar partladılmışdır. Təcavüzkar erməni əsgərləri Xocalıya fevralın 26-sı gecə 01:00 – 04:00 radələrində daxil oldu. Erməni hərbi birləşmələrinin verdiyi məlumata görə ağır silahların atəşlərinə məruz qalan şəhərin müdafiəsi çox müqavimət göstərə bilməyib qırıldı. Xocalıda baş verən bu dağıntılar və xarabalıqların ağır top atəşi nəticəsində meydana gəldiyinin bariz nümunəsidir. Çünki bu cür xarabalıqlar və dağıntılar heç bir halda adi döyüşlər zamanı meydana gələ bilməz.

Erməni hərbi birləşmələri həmin gecə Xocalıda tarixə “Xocalı soyqırımı” olarak qanlı hərflər ilə yazılmış, ağılasığmaz dərəcədə vəhşiliklə törədilmiş bir qətliamı həyata keçirdilər. Erməni hərbi birləşmələrinin şəhərə hücum etdiyi zaman Xocalının 7000 əhalisindən cəmi 3000 nəfəri şəhərdə qalmışdı. Çünki 4 aydan artıq bir müddətdə mühasirədə yaşayan əhali digər bölgələrə qaçmağa məcbur olmuşdu. Şəhərin geri qalan əhalisi isə ata-ana yurdlarını tərk etməyə məcbur qalaraq dağlara, meşələrə qaçmışdı. Hər tərəfdən silahlı erməni hərbiçiləri dinc əhaliyə atəş açır, sağ qalan qadın, qız, gəlinləri soyuq havada müxtəlif işgəncələrə məruz qoyurdular. Bu bir həqiqətdir ki, erməni atəşindən ölməyən hər bir Xocalı sakini bu soyuq qış gecəsində dağlara və ya meşələrə qaçarkən donaraq həyatlarını itirmişlər.

Hücumlar başladıqdan sonra Xocalı əhalisi təlaş içində Azərbaycanın Ağdam bölgəsinə qaçmağa çalışırdı. Ən vacib əşyalarını belə yanlarına götürə, əyninə qalın paltar geyinə bilmədən o soyuq gecədə evlərindən çıxdılar. Nəticədə isə onların bəziləri erməni atəşindən yaxasını qurtara bilsə də bu dondurucu qış gecəsində soyuqdan donaraq öldülər. Ölənlərin böyük əksəriyyəti uşaq və yaşlılardan ibarət idi. Qaçıb canlarını qurtara bilənlərin dediklərinə görə isə qaça bilməyib tutulanlar yerindəcə güllələnirdi.

Erməni hücumundan qaçarkən ölən və öldürülən Xocalı əhalisinin cəsədlərinin Azərbaycan hərbiçiləri tərəfindən helikopterlər ilə Ağdama daşınmasının video-materialları mövcuddur. Xocalı əhalisinin işğalçı erməni hücumundan qaçarkən vəhşicə öldürüldüyü və qətlə yetirilən bu xalqın böyük əksəriyyətinin yaşlılar, qadınlar və uşaqlardan ibarət olduğunun video-materiallardan aydın şəkildə görmək mümkündür.

4 gün boyunca Ağdama 200-ə yaxın cəsəd daşındı. Bu cəsədlərin bir çoxu müxtəlif işgəncələrə məruz qalmış, bəzilərinin baş dəriləri soyulmuş, bəzilərinin isə başı kəsilmişdi. Ağdama gətirilən 181 cəsədin 130-u kişi, 51-qadın və 13-ü isə uşaq idi.

Cinayətkar erməni hərbi birləşmələrinin fevralın 25-dən 26-na keçən gecə vahşicəsinə törətdikləri bu soyqırım nəticəsində 106-sı qadın, 63-ü azyaşlı uşaq və 70-i yaşlı olmaqla 613 nəfər amansızcasına qətlə yetirildi. 1000-dən artıq insan məruz qaldıqları atəş nəticəsində şikəst qaldı. 8 ailə tamamilə yox edildi. 25 uşaq hər iki valideyinlərini və 130 uşaq isə hər iki valideyinindən birini itirdi. 1275 nəfər əsir düşdü. Əsir düşənlərdən 150 kişi, 68 qadın və 26 uşağın taleyi bugünə qədər məchul olaraq qalır.

Bütün bu cinayətlər erməni hərbi qüvvələri tərəfindən vəhşicəsinə və ağılasığmaz caniliklə törədilmişdir. Bu soyqırımın törədilməsində iştirak edən zabit və əsgərlər isə bugün Ermənistanda siyasi hakimiyyətdə təmsil olunur, erməni ordusuna komandanlıq edirlər. Hər bir Azərbaycan övladı kimi biz Xocalıda insanlıq əleyhinə ermənilər tərəfindən törədilmiş cinayətin bir gün mütləq Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavabını verəcəklərinə, Xocalı qatillərinin hüquq qarşısında lazımi şəkildə cəzalarını görəcəklərinə inanırıq. Çünkü biz Xocalını unutmadıq, unutmayacağıq!!!

 

Azərbaycan Respublikasının Qarsdakı Başkonsulluğu

növbəti xəbər əvvəlki xəbər

bakushop